“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Prezidentin Fərmanı ilə sosial müavinətlər maksimum 70 manata qədər artırıldı.
Fərmana əsasən, yanvarın 1-dən yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyi olan şəxslərin müavinəti 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərin müavinəti 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərin müavinəti 110 manatdan 120 manata artırılır.
Bundan başqa, dəyişikliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müavinəti 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarının müavinəti 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavinət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavinət 300 manatdan 350 manata qədər artırılıb.
Bütövlükdə, sosial müavinətlərin artırılması ilə bağlı qərar təxminən nə qədər vətəndaşı əhatə edəcək? Hazırkı bazar qiymətləri fonunda sözügedən artımlar nə deməkdir?
“Ölkədə 348 min əlilliyə görə pensiya alanların müavinətləri artacaq”
Sözügedən məsələyə aydınlıq gətirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin fikrincə, Prezidentin qərarı əlilliyi olan şəxslərin sosial durumunu yaxşılaşdıracaq: “Sosial müavinətlərin artımı onların yaşayışına müsbət təsir edəcək. Bu lazım idi, çünki inflyasiya sürətlənir, bütün bunlar əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərirdi. Ona görə də hesab edirəm ki, məlum qərar onların sosial durumuna yaxşı təsir edəcək. Çünki sonuncu dəfə 2018-ci ildə əlilliyə görə verilən müavinətlər artırılıb. Artımlar müxtəlif əhali kateqoriyalarını, o cümlədən əlilliyi olan şəxsləri əhatə edəcək. Təkcə əlilliyi olan şəxslərin deyil, onlara xidmət edən şəxslərin də müavinətləri artırılacaq. Ümumilikdə bu, 732 min şəxsin sosial ödənişlərinin artımına səbəb olacaq. Ölkə üzrə 1 milyon 200 mindən çox pensiyaçı qeydiyyatdadır. Onlardan təxminən 59,1 faizi yaşa, 29 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alan şəxslərdir. Qeydiyyatda olan pensiyaçılar ölkə əhalisinin təqribən 12 faizini əhatə edir. Ölkədə 348 min əlilliyə görə pensiya alanların müavinətləri artacaq. Bu isə ciddi rəqəmdir”.
ƏTİ sədri onu da qeyd etdi ki, əlilliyi olan şəxslərə olan qayğı artır.
Vidadi ORDAHALLI