Bütün uşaqlar oyuncaqları sevir və gördüklərinin hamısını əldə etməyə çalışır. Bir çox valideynlər də məhz uşaqlarının istəyini nəzərə alaraq və yaxud öz zövqlərini əsas götürərək uşağa gözlərinə xoş gələn oyuncaqları alırlar.
Oyuncağın uşağın yaşına uyğun olub-olmaması, psixologiyasına, inkişafına necə təsir edib-etməməsi isə bir çox valideynləri düşündürmür. Qeyd etdiyimiz kimi, oyuncaq dükanlarında rəngarəng oyuncaqlar satılır. Ancaq dükanlarda satılan oyunların heç də hamısı uşaqların pxixologiyasına, onların kimliyinin, şəxsiyyətinin formalaşmasına müsbət təsir etmir. Belə ki, bu gün əksər oyuncaq dükanlarında ikili cinsi təbliğ edən oyuncaqlara rast gəlinir. Satıcılar bu tip oyuncaqlara tələbatın yüksək olduğunu deyir. Onların sözlərinə görə, onlara bu oyuncaqlar qutularda gəlir, görünüşünün necə olmasından xəbərsizdirlər.
Mütəxəssislər hesab edir ki, bu tip oyuncaqlar uşaqların inkişafına təsir edir.
“Belə oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı, uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yarada bilər”
Psixoloq Könül İsmayılova bildirdi ki, uşaqlar ətraf aləmi ilk olaraq oyuncaqlar üzərindən kəşf edir: “İkili cinsi təbliğ edən oyuncaqlar uşaqlarda böyük travmalara yol aça bilər. Nəzərə almaq lazımdır ki, gəlinciklər adətən 3 yaşdan böyük uşaqlara alınır. Bu həmin yaşdır ki, uşaqlarda öz cinslərini müəyyən edəcək təsəvvür artıq formalaşıb. Lakin belə oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı, uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yarada bilər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bir zamanlar xarici alimlər Barbi gəlinciklərinin uşaq psixologiyasına mənfi təsir etdiyini bildirirdilər: “Araşdırmalar zamanı müəyyən olundu ki, doğrudan da Barbi gəlincikləri uşaq psixologiyasına mənfi təsir göstərir. Barbi və bunun kimi gəlinciklər uşağın inkişafı və sağlamlığı üçün ziyanlıdır. Barbi gəlincikləri qız uşaqlarında “yalnız arıq insan gözəl ola bilər” kimi sağlam olmayan stereotiplər yaradır. Bu isə uşağın sağlamlığı və gələcəyi üçün ziyanlıdır. Bəzən qızlar “Barbi kimi” olmaq üçün arıqlamağa çalışır, yeməkdən imtina edirlər. Hətta onlarda anoreksiya inkişaf edir. Əslində isə Barbi gəlinciklərinin quruluşunun insanın bədən və üz quruluşundan uzaq olduğu bildirilir”.
Günel CƏLİLOVA