“Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.
Məlumat üçün bildirək ki, öz xahişi ilə işdən çıxan şəxsə müavinət ödənilmir, yalnız sonuncu haqq-hesab verilir. Yəni o, son əmək haqqı və istifadə edilməyən məzuniyyət pulunu alır. Indiki halda ödənilməyən məzuniyyət pulu və qalan əmək haqqından başqa heç bir ödəniş edilmir.
Ancaq gələcəkdə belə şəxslərə sosial dəstəyin verilməsi gözlənilir. Bəs “İşsizlikdən sığorta haqqında” qanuna qeyd olunan dəyişiklik əlavə olunarsa, öz ərizəsilə işdən çıxanlara müavinət necə veriləcək?
“İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklərdə vətəndaşlar iş yerini itirən zaman sığorta ödənişini daha qısa müddətdə əldə edəcəklər”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklərdə vətəndaşlar iş yerini itirən zaman sığorta ödənişini daha qısa müddətdə əldə edəcəklər: “Milli Məclisdə əmək müqaviləsilə işləyən, ancaq özündən asılı olmayaraq ərizə yazaraq işdən çıxan vətəndaşlara sığorta ödənişinin verilməsi də müzakirə olunur. Öz ərizəsilə işdən çıxan şəxs müəyyən bir müddət işlə təmin oluna bilmirsə, o zaman sığorta üçün müraciət hüququ olacaq. Bununla bağlı konkret mexanizmlər müəyyən olunduqdan sonra müvafiq addımların atılması mümkün ola bilər”.
Günel CƏLİLOVA