Xalq Bank “Xalq Əmanəti” layihəsini sənətsevərlərə və oxuculara təqdim edib. Böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub. Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub.
Rəssamın oğlu Turqut Abasov kitabın ərsəyə gəlməsindəki dəstəyə görə “Xalq Bank”a təşəkkür edir: “Şadam ki, kitabın və sərginin sayəsində atamın öz yaratdığı dünyası ilə daha ada yaxından tanış olacaqsınız”.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə kitabın nəşrini xalq rəssamına verilən böyük dəyər kimi qiymətləndirir: “O öz əsərləri ilə öz işini bitirdi bu da hər bir rəssama qismət olmur. Çətinliklə bu işi gördü və bu gün bax bu gözəl kitabın nəşri Şamoya verilən böyük qiymətdir. Biz bilirik “Xalq Bank” ancaq ən dəyərli rəssamlarımızın kitabını buraxır. Şamo bizim tanınmış rəssamların cərgəsindədir”.
Xalq rəssamı Natiq Əliyev çıxış edərək bildirdi ki, Şamo Abasov hər bir çətinlikdən mərdliklə çıxırdı. O, hər problem olanda buna zarafatyana yanaşıb, məsələləri həll edirdi.
Xalq rəssamı Səlhab Məmmədov isə Şamo Abasovun aramızda olmamasından heyfsiləndiyini dilə gətirdi: “Heyfsilənirəm ki, yanımızda yoxdur. Onun sənət əsərləri dünyanın hər bir muzeyinə gözəllik verəcək və Azərbaycan mədəniyyətini dünyada tanıdacaq”.
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Günel CƏLİLOVA