Artupa kənd tam orta məktəbi Astara rayonunun qabaqcılı təhsil ocaqlarından sayılır. Burada şagirdlərə yüksək bilik verməklə bərabər, onların vətənpərvər, sağlam böyüməsinə xüsusi fikir verilir. Həm də təhsil ocağında bu keyfiyyətlərin uşaqlarda formalaşması naminə vaxtaşırı olaraq müxtəlif tədbirlər görülür. Növbəti tədbir isə insanları ölümə məhkum edən, tək bir ölkənin deyil, bəşəriyyət üçün ağır problemi olan, əsrin bəlası sayılan narkomaniya ilə bağlı idi. Təşkilatçısi Astara Rayon Polis Şöbəsi olan maarifləndirici tədbir “Narkomaniyaya yox deyək!” adlanırdı.
Tədbirdə Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev çıxış etdilər. Onlar narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən ətraflı söhbət açdılar. Bir daha vurğulandı ki narkomaniya əleyhinə görülən tədbirlər hazırda aktual xarakter daşıyır, yeniyetmə və gənclərlə aparılan bu cür görüşlər öz müsbət nəticəsini artıq göstərir. Nə qədər ki, bu “ağ ölüm” insanların ömrünü yarımçıq qoyur, belə tədbirlər davamlı olmalıdır. Həm də cəmiyyətin bütün təbəqələrini bu problemlə mübarizəyə cəlb etmək indiki dövrdə daha çox vacibdir.
Sonda mövzu ilə bağlı məktəblilərin suallarını Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki A.Cəfərov faktlar əsasında cavablandırdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü