“Təəssüf ki, koronavirus infeksiyası tez-tez mutasiyaya uğrayır və bu da virusun xüsusiyyətidir. Nəticədə yeni ştamlar yaranır. Həmin ştamlara yoluxarkən yeni müxtəlif kliniki gedişata malik olan xəstəlik öz xüsusiyyətini dəyişir və bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”. Bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
O qeyd edib ki, COVID-19 xəstəliyinin müəyyənləşdirilməsində qızıl standart kimi qəbul edilmiş PCR üsulu ilə qısa müddətdə sırf bu diaqnostika üçün hazırlanan 50-dən çox laboratoriya işə salınıb və mövcud olan şəbəkəyə qoşulub: “COVID-19-un PCR-lə diaqnostikası üçün 50-dən çox laboratoriya işə salınıb”. Nazir əvəzi qeyd edib ki, həmin laboratoriyalar sırf mərkəzi şəhərlərdə deyil, bütün regionlarda fəaliyyət göstərirlər. “Yeni klinika və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçısının yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.
Bilirik ki, özəl klinikalardan fərqli olaraq, dövlət xəstəxanalarının və təcili yardım həkimlərinin koronavirsa görə götürdüyü analizin cavabları az qala bir həftəyə qədər gecikir. Vətəndaşlar da bundan çox ciddi narahatlıq keçirirlər.
Nazir əvəzinin dediyi kimi, COVID-19-un PCR-lə diaqnostikası üçün 50-dən çox laboratoriya işə salınıbsa, laboratoriyaların sayı bu qədər artıbsa, onda nə üçün xəstələrdən götürülən analizin cavabı gecikir? Vətəndaş koronaya tutulub-tutulmadığını öyrənmək üçün bəzən analizin cavabını 4-5 gün gözləyir, bunun səbəbi nədir?
“PCR testin cavabının bir neçə saat ərzində verilməsi hər yerdə təmin edilməlidir”
Professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya bitməyib, ona görə də xəstəliyin vaxtında aşkar edilməsi çox böyük önəm kəsb edir. “Xəstəliyin daha dəqiq müayinə metodu PCR müayinəsidir. Yəni polimanaz zəncirvari reaksiyadır. Bu metodun üstünlüyü, dəqiqliyi, həssaslığı, spesifik göstəriciləri 90 faizin üzərindədir. Buna baxmayaraq səhvlər də olur. Dünyanın hər yerində PCR analizin cavabının bir neçə saat ərzində təmin edilməsi həyata keçirilir. Çünki pandemiya dövründə bu operativlik çox vacibdir. Çox təəssüflər olsun ki, bizdə o cavabın 3-4 gün gecikməsi həmin xəstələrin rejim gözləməməsi, fəaliyyətdə olması, insanlarla təmaslarını davam etdirməsi ətraf üçün müəyyən təhlükə yaradır. Ona görə də hesab edirəm ki, PCR testlərin operativliyini artırmaq onların sayını artırmaqdan daha vacibdir. Amma sayın da önəmi ondan ibarətdir ki, əhalinin mümkün təbəqələrinin ondan istifadə etməsi üçün xeyli imkan yaradır. Amma PCR testin cavabının bir neçə saat ərzində verilməsi hər yerdə təmin edilməlidir. Çünki dünyanın hər yerində bu təmin edilə bilir”- deyə A.Qeybulla vurğuladı.
İradə SARIYEVA