Son günlərdə taksi sürücülərinin iştirakı ilə yol qəzalarının sayı artıb. Əvvəlki illərə və aylara nəzərən də bu artımı görmək mümkündür. Paytaxt yollarında fəaliyyət göstərən taksi sürücüləri əksər hallarda harasa tələsir. Əslində isə onları tələsdirən bəzi şirkətlər tərəfindən qoyulan günlük planlardır. Yəni həmin planı yerinə yetirərək qazanc əldə etmək istəyən sürücü ən azı günlük 12, bəzən isə 15-16 saat işləməli, ayda isə bircə dəfə istirahət etməlidir.
Araşdırmalar zamanı müəyyən edilib ki, Bakıda günlük icarə əsasında taksi sürücüsü işləmək istəyən sürücülər əsasən bu şərtlərlə fəaliyyət göstərirlər. Avtomobili icarəyə götürüb taksi xidmətində işləyən şəxsə hər gedişə görə 1 manat ödəniş və ya ümumi qazancın 30 faizi təklif olunur.
Bununla yanaşı, sürücü gün ərzində minimum 25 gediş həyata keçirməlidir. Sürücülər şirkətlərin onların qarşısında qoyduğu şərti yerinə yetirmək üçün 12 saatdan çox işləməli olurlar.
Araşdırmalar zamanı o da məlum olub ki, taksilərin iştirakı ilə qeydə alınan yol qəza hadisələrinin say artıb. Son bir həftə ərzində paytaxt Bakıda qeydə alınan qəzaların 6-sı içərisində sərnişin olan taksi sürücüləriinin iştirakı ilə baş verib. Baş verən qəzalarda sürücülərlə yanaşı sərnişinlər də xəsarət alıb.
“Ölkədə taksi fəaliyyətində olan xaotik mənzərə və nəzarətsizlik vəziyyəti gündən-günə daha da pisləşdirir”
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, taksi sürücülərinin istismar edilməsi qəzaların birbaşa səbəbidir: “Ölkədə taksi fəaliyyətində olan xaotik mənzərə və nəzarətsizlik vəziyyəti gündən-günə daha da pisləşdirir. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən taksi şirkətləri belə Azərbaycanda öz qaydalarını dəyişir. Belə ki, bu şirkətlər Avropa, Amerika və digər ölkələrdə bir qayda ilə fəaliyyət göstərir. Sürücü heç bir halda 8 saatdan artıq işlədilə və işləyə bilməz”.
Ekspert onu da əlavə etdi ki, bu sahədə ciddi təhlillər aparılmalı, qəzaların əsas elementləri öyrənilməlidir: “Əsas səbəb taksi sürücülərinin istismarıdır. Bakıda 40 minə yaxın taksi sürücüsü var. Taksi sürücülərinin əksəriyyəti gün ərzində 12-16 saat sükan arxasında əyləşir. Belə taksi sürücülərinin qəza törətmək ehtimalı xeyli yüksək olur.
Bəzi işbazlar bir neçə avtomobil alıb günü 25 manatdan icarəyə verirlər. Həmin avtomobilləri online taksi xidmətlərinə qoşurlar. Sahibkar da müxtəlif proqramlarla taksi sürücüsünə nəzarət edir və tapşırıq verir ki, sistemdən ayrılma, gələn bütün sifarişləri qəbul et. Bu artıq istismar və məcburi əməyə cəlb etmədir. Belə halda taksi sürücüsü yorğun və psixoloji cəhətdən gərgin olur. Belə hallara görə yol-nəqliyyat hadisələrinin sayı artıb. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətli xidmətin göstərilməsi üçün bu sahəyə dövlətin nəzarəti artırılmalıdır. Sürücülər lisenziya əsasında taksi xidməti göstərməlidir. Taksi sürücülərinin psixoloji durumu öyrənilməlidir. Sürücülər mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər, onların narkotik vasitələrdən istifadə edib-etməməsi öyənilməlidir”.
Günel CƏLİLOVA