Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir. Azərbaycanın irəli sürdüyü “COVID-19” əleyhinə peyvəndlərlə bağlı qətnamə 179 ölkənin dəstəyi ilə BMT-də qəbul olunub. Bu sənəd ölkəmizin qlobal məsələlərin həlli istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış etdiyini bir daha sübut edir. Bu isə aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
Məlum olduğu kimi, Azərbaycanın irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərlə bağlı qətnamə BMT-də qəbul olunub.
Qeyd edək ki, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülən COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub.
“Qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi: “Dünyada olan problemləri, cərəyan edən hadisələrin gedişatını qabaqlamağı bacaran, müasir çağırışlara dərhal və adekvat cavab verməyi bilən siyasətçi və lider kimi Prezident İlham Əliyev ən ali kürsülərdən bəyan edib ki, COVID-19 pandemiyası ilə mübarizə aparmağın yeganə effektiv yolu bütün dünya ölkələrinin ümumi səylərinin ortaya qoyulmasıdır. Prezident İlham Əliyev peyvənd millətçiliyini, varlı və kasıb ölkələr arasında fərq qoyularaq ədalətsiz peyvənd bölgüsünü hər zaman pisləyib. Təəssüf ki, hələ də ən zəngin dövlətlər milyardlarla doza COVID-19 peyvəndini əldə etdikləri halda, geridə qalmış iqtisadiyyatlar, ya da kasıb ölkələr hələ də peyvənd əldə etmək üçün mübarizə aparırlar”.
Birlik sədrinin sözlərinə görə, koronavirusla mübarizədə Azərbaycanın səmərəli fəaliyyəti bir çox ölkələrə örnək oldu: “Məsələn, Sudana 5 milyon dollar həcmində dəstək göstərdik. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 5 milyon dollar ianə edildi. Üstəlik, vaksin milliyyətçiliyinə qarşı ilk mübarizəyə biz başladıq. Beləliklə, peyvəndlərin ədalətsiz paylanmasına etiraz etdik. Qoşulmama Hərəkatına üzv dövlətlərin iştirakı ilə keçirilən onlayn iclasda da dövlət başçısı bu məsələyə konkret münasibət sərgilədi. Nəticədə vaksin bölgüsündə müsbət meyllərin şahidi olduq. Azərbaycanda artıq qalan vaksinlərin Qoşulmama Hərəkatının üzv ölkələri adından inkişaf etməkdə olan ölkələrə paylanması da çox humanist addım kimi qiymətləndirilməlidir. Bundan başqa, Prezident İlham Əliyev BMT Baş Assambleyasında pandemiya ilə əlaqədər xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və buna nail oldu. Ötən ilin oktyabrında bu toplantı baş tutdu. İclasda həm dövlət başçımızın məruzəsi dinlənildi, həm də gələcək tədbirlər planı müzakirə olundu. BMT-nin bütün bu məsələləri diqqətdə saxlaması bizi qürurlandırır. Görünür, Azərbaycan bir çox sahədə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də nümunədir. Çünki biz sözügedən istiqamətdə əlimizdən gələni etməkdəyik”.
Günel CƏLİLOVA