“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Bu barədə ASC-dən açıqlama belə verilmişdi. Lakin bəzi ərazilərdə hələ də istiliyin verilməsi qeydə alınmayıb.
Nizami rayonu Babək prospekti 75 ünvanında yaşayan sakinlərin mənzillərinə hələ də istilik verilməyib. Buna səbəb kimi isə binanın zirzəmisində yerləşən istismar müddətini başa vurmuş ana xətdə yaranan problemdir. Belə ki, borular çürüyərək sıradan çıxıb, təmiri gecikdirildiyindən də mənzillər istiliklə təmin olunmur. Sakinlər bildirir ki, istilik verilmədiyi üçün aidiyyəti qurumlara müraciət etsələr də, onlara təmin üçün lazimi avadanlıqların olmadığı deyilib.
“Nizami rayonu Babək prospektində istilik probleminin yaşanmasının səbəbi qurğuların köhnə və istifafadəyə yararsız olmasıdır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, hazırda paytaxtda bir mənzildə istilik borusunun ləğv edilməsi üzündən istiliksiz qalan sakinlərin sayı çoxdur: “Azəristiliktəchizat” ASC-nin vəzifəsi binanın zirzəmisinə qədər istiliyi gətirmək deyil. Bu istiliyi abonentlərə paylamaq lazımdır. Bir mənzilin istilik borusunun kəsilməsi üzündən bütün blokun istiliksiz qalması nə əcəbsə bu qurumu heç narahat etmir”.
Ekspert onu da əlavə etdi ki, qazanxanalarının çoxu köhnədir və yaşayış binalarından uzaqdadır. İstilik o binalara gəlib çatanadək soyuyur: “Azəristiliktəchizat” ASC havanın temperaturu soyuduqca istilik temperaturunu da artırmalıdır. Amma çöldə hava nə qədər soyuq olsa da, mənzillərə verilən istiliyin temperaturu artmır. Nizami rayonu Babək prospektində istilik probleminin yaşanmasının səbəbi qurğuların köhnə və istifafadəyə yararsız olmasıdır”.
Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, qurumdan telefon zənglərimizə cavab verən tapılmadı.
Günel CƏLİLOVA