Havalar soyuduqca insanların qayğıları da artır. Əlbəttə, hər bir vətəndaş kəsintisiz istilik, qaz və elektrik enerjisi ilə təmin olunmaq istəyir. Lakin bəzi hallarda vətəndaşlar bu sahədə məmur özbaşınalığı ilə üzləşir.
Narazılıqlar da adətən kənd və rayon yerlərində daha çox olur. Rayon sakinləri çox zaman iddia edirlər “Azərişıq” və “Azəriqaz”ın əməkdaşları onları incidir, artıq pul hesablayırlar və “limiti aşmısınız” bəhanəsi ilə pul “silirlər”. Bildiyimiz kimi, sözügedən qurumların rəsmiləri isə deyilənləri təkzib edərək vətəndaşları ödəniş etmək istəməməkdə ittiham edirlər. Son vaxtlar rayonlarda, kənd yerlərində çox zaman abonentlərlə işıq və qaz pulu yığanlar arasında ciddi problemlər yaşanır, hətta bu qarşılıqlı davaya, daha ağır fəsadlara səbəb olur. Bu barədə yerli mediada kifayət qədər məlumatlar var.
Uzağa getməyək, bir həftənin içində Azərbaycanın üç rayonunda vətəndaşlarla “Azərişıq” əməkdaşları arasında ciddi qarşıdurma baş verib. Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişıq” əməkdaşının maşınını yandırıb. “Azərişıq”dan verilən məlumatlara görə, hadisəyə səbəb şəhər sakini Sabir Əliyevin evinə qanunsuz əlavə elektrik xətti çəkməsi və “Azərişıq” əməkdaşı Rauf Kərimovun da həmin xətti kəsərək bununla bağlı akt tərtib etməsi olub. Digər bir hadisə isə Ağdam rayonunun Quzanlı qəsəbəsində baş verib. Belə ki, “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizov isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib. Dünən isə “Azərişıq” əməkdaşları ilə bağlı hadisələrdən biri də Biləsuvarda baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon elektrik şəbəkəsinin işçisi sayğaca baxmaq istəyərkən hücuma məruz qalıb. Belə ki, Biləsuvarın Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilib. Rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən bu halla üzləşdiyi bildirilir.
Gördüyümüz kimi son bir həftə ərzində rayonlarda “Azərişıq” əməkdaşları vətəndaş hücumuna məruz qalıb. Vətəndaşlar iddia edirlər ki, onlara artıq pul yazılır və əlavə ödənişlər tələb olunur. Analoji hal əvəlki aylarda dəfələrlə “Azəriqaz” əməkdaşları ilə bağlı da yaşanıb.
Əslində nə baş verir? Haqlı kimdir - vətəndaş, yoxsa bu qurumlar?
Ekspertlər deyir ki, müəyyən adamlar baş verən son hadisələrə müxtəlif don geyindirməyə çalışırlar, bəziləri bunu işığın və qazın qiymətinin qalxmasına vətəndaş “narazılığı” kimi qələmə verməyə çalışır, əslində isə bu belə deyil. Ekspertlərin sözlərinə görə, baş verənlərə əksər hallarda məmur özbaşınalığı səbəb olur və bəzi məmurlar işçilərdən tələb edirlər ki, vətəndaşı ödənişə məcbur etsinlər, bu da analoji hallarla nəticələnir, sonda kriminal olay baş verir. Ekspertlər qeyd edirlər ki, əsas problemlərdən biri işıq və qaz sayğaclarının üstündə olan köhnə borclarla bağlıdır ki, vətəndaşdan onun tam ödənilməsi tələb olunur.
Sosial sahə üzrə tanınmış ekspert İlqar Hüseynli baki-xeber.com-a şərhində bildirdi ki, düzdür, “Azərişıq” və “Azəriqaz”da ödənişlərlə bağlı çox ciddi problemlər var: “Vətəndaşlarda belə bir fikir formalaşıb ki, “Azərişıq” və “Azəriqaz” əməkdaşları artıq pul yazırlar. Bilirsiz, həm “Azərişıq”, həm də “Azəriqaz” tariflərdə limiti kifayət qədər aşağı salıb. Demək olar ki, vətəndaşlarımızın böyük əksəriyyəti limitlə bağlı məlumatsızdırlar. Tutaq ki, Tarif Şurasının son qərarına qədər “Azəriqaz”da 2100 kub metr limit vardı, bunu 1200-ə endirdilər və hətta qiymətini də qaldırıb 13 qəpik etdilər. Vətəndaş özünü ona hesablayıb ki, onsuz da keçən ildən sayğacda qalan limiti keçməyib və növbəti ildə yeni limitə keçiləndə də ödənişləri az olacaq. Vətəndaşda belə bir fikir formalaşdı. Ancaq bilirsiz ki, qiymətlər qalxan kimi köhnə limit avtomatik aşağı düşdü və ötən ildən qalan qalıq limit borcları vətəndaşların sayğaclarından silindi. Bu da çox haqlı narazılıqlara gətirib çıxarıb. Burada da məmurlar vətəndaşlarla çox kobud davranırlar. Bu situasiyada məmur özbaşınalığı hökm sürür. Ona görə də ortada yaranmış anlaşılmazlıq vətəndaşlarla “Azərişıq” və “Azəriqaz” məmurları arasında çox ciddi narazılıqlara, qarşıdurmalara səbəb olur”.
İ.Hüseynlinin sözlərinə görə, tarif qiymətləri də həddən artıq baha olduğu üçün inanların ödəniş etmək gücləri yoxdur. O, hesab edir ki, vətəndaşlar ödəniş etmək güclərini itirdikləri üçün borca görə mənzillərində işığın kəsilməsi, qazın dayandırılması ciddi narazılığın yaranmasına gətirib çıxarır. “Siz təsəvvür edin ki, vətəndaşın qış boyu evini isitmək üçün ümidi işığa, qaza qalıbsa və bunu da gəlib borca görə, kəsirlərsə görün onda həmin vətəndaş hansı vəziyyətə düşür. O qədər psixoloji basqı, gərginlik altında olur ki, nəticədə də bu tipli hadisələr baş verir” - deyə İ.Hüseynli qeyd etdi.
İradə SARIYEVA