Dağlar diyarı Yardımlının igid oğlanları İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla sözün əsl mənasında tarix yazdılar. Sadiq Tahir oğlu Feziyev, Elşən Nazim oğlu Sultanlı da məhz Vətən, torpaq uğrunda canından keçdilər. İndi dağlar diyarı öz igid oğlanlarını bir an belə unutmur, həmişə onları böyük ehtiramla yad edir. Bu günlərdə hər iki qalib şəhidin anım mərasiminə rayonun əksər hissəsi qatılmışdı. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov başda olmaqla qəhrəman Vətən oğlanların məzarları ziyarət edildi üzərinə gül dəstələri qoyuldu. Sonra RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, bu müqəddəs yolda canından keçən şəhidlərin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açmış Sadiq Tahir oğlu Feziyev 2013-cü ildə hərbi xidmətə gizir (feldşer) kimi başlayır. Nümunəvi xidməti ilə seçilir, “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” yubileyi medalını alır. O,Vətən müharibəsinə birinci qoşulur Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə“ medallarına layiq görülür. Elşən Nazim oğlu Sultanlı isə 15 fevral 2001-ci ildə Yardımlı rayonunun Teşkan kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılır. Onun Vətən sevgisi əsgər yoldaşlarının dilində dastana dönür. İkinci Qarabağ müharibəsində Elşən Vətənin hər qarış torpağı uğrunda mərdliklə döyüşür erməni faşistlərinə ciddi itkilər verir. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşur. Yardımlının igid oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə“ və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü