İkinci Qarabağ müharibəsində erməni faşistlərə qarşı qəhrəmancasına vuruşub adını tarixə yazan qalib şəhid Mahmud Əflatun oğlu Mayıllı Yardımlı rayonu, Avaş kəndində anadan olmuşdur.
Dağlar diyarının qəhrəman oğlu Vətən yolunda şəhid olanda ömrünün 18 ilini yaşayırdı. O, Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə özünəməxsus hünər göstərir. Vətən torpaqların azadlığı naminə son nəfəsə qədər düşmənə qan qusdurur. Onun bu hünəri ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azad olmasına görə medallara layiq görülür.
Rayonda qəhrəman şəhid Mahmuda anım mərasimi keçirildi. Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər. Şəhidin məzarını ziyarətə gələnlər ehtiram əlaməti olaraq onun üzərinə gül dəstələri qoydular.
RİH başçısı Ayaz Əsgərov mərasımdə çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində düşmən işğalında olan Azərbaycan torpaqlarını azad etdilər. Bununla da Vətən Müharibəsində tarix yazan qəhrəman döyüşçülər Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu, xalqın halal torpağına olan sevgisini bütün dünyaya göstərdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü