Hesablama Palatası Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) yoxlamalar keçirib və ciddi pozuntular aşkarlayıb. Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində məlumat verilib. Bildirilib ki, Hesablama Palatasının apardığı audit Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun 2019-2020-ci illərdə fəaliyyətini və ümumilikdə 2,0 mln. manat vəsaiti əhatə edib.
Bildirilir ki, özünümaliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı fəaliyyətin başa çatdırılmaması fonda ayrılmış vəsaitlərin vaxtında və nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməməsi ilə nəticələnib, eyni zamanda mövcud imkanlardan istifadə olunmayaraq, qalib layihələrin maliyyələşdirilməsi təmin edilməyib.
“Ölkəmizdə elmə ayrılan vəsaitə göz dikən, həmin vəsaiti təyinatı üzrə istifadə etməyən şəxslər az deyil”
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elmlə məşğul olan dövlət qurumlarında xoşagəlməz hadisələrin baş verməsi təəssüf doğurur: “Ölkəmizdə elmə ayrılan vəsaitə göz dikən, həmin vəsaiti təyinatı üzrə istifadə etməyən şəxslər az deyil. Azərbaycanda elmə ayrılan vəsaitin az olduğu tez-tez qeyd olunur. Elmə ayrılan vəsaitə göz dikmək xəyanətdir. Ümid edirəm ki, Hesablama Palatasının Elmin İnkişafı Fondu ilə bağlı aşkar etdiyi qanunsuzluqları aidiyyəti qurumlar araşdırıb, hüquqi qiymət verəcəklər. Bu cür yarıtmaz fəaliyyətlə məşğul olan, ölkə başçısının etibarından sui-istifadə edənlərə qarşı sərt cəza tətbiq edilməlidir”.
İ.Orucovun sözlərinə görə, Azərbaycan xalqı elmi hər zaman yüksəkdə görüb, ona yüksək dəyər verib: “Məlumdur ki, Elmin İnkişafı Fondu Prezident İlham Əliyevin birbaşa göstərişi ilə yaradılıb. Fondun yaradılmasında məqsəd elmi araşdırmaları gücləndirmək, alimləri elmə təşviq etmək, onları dünya səviyyəsində elmi tədqiqatlara cəlb etmək məqsədi daşıyır. Təəssüf ki, bu cür müqəddəs missiyaya qeyri-əxlaqi yanaşma ortaya qoyulur. Əminəm ki, aidiyyəti qurumları bu məsələni araşdırıb, elmə ayrılan vəsaitdən şəxsi məqsədləri üçün istifadə edənlər sərt şəkildə cəzalanacaq”.
Günel CƏLİLOVA