Məşhur həkim, tibb elmləri doktoru, professor Abbas Talışinski dəyərli bir Azərbaycan oğlu olaraq keçmiş ittifaq miqyasında tanınmış və böyük nüfuz sahibi olmuşdur. Lənkəran şəhərində dünyaya göz açmış Abbas həkim Rusiya Federasiyasında çalışdığı tibb müəssisələrində yüksək biliyi və bacarığı, insanlara təmənnasız tibb xidməti, xəstələrə göstərdiyi şəfqəti və humanist münasibəti ilə həmişə doğma xalqına baş ucalığı gətirmişdir. O, ən əsası Vətənini, elini, yurdunu dərin məhəbbətlə sevdiyinə, millətinin şərəfini uca tutmaqla sevilən bir ömür yaşamışdır. Özü bu həyatda olmasa da, qoyub getdiyi əməlləri yaşayır. Lənkəran camaatı Vətən, millət sevdalı oğlunu həmişə ehtiramla xatırlayır, onu insanlığın zirvəsi, bitib-tükənməyən örnək məktəbi bilirlər.
Bu günlər Abbas Talışınskinin Lənkəran şəhərində doğulduğu evin qarşısında xatirə lövhəsinin açılışı oldu. Professorun adını əziz bilən, daim xatirəsini əziz tutan lənkəranlılar buna ürəkdən sevinirdilər. Doğma adamları isə mərasimə gələnlərin Abbas Talışinskaya tükənməz rəğbətə heyran kəsilmişdi. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti sayəsində rəşadətli Milli Ordumuzun 44 günlük Vətən müharibəsində işğalçı erməni ordusu üzərində qazandığı tarixi Qələbənin bir illiyi və bu müharibədə qəhrəmancasına vuruşaraq həlak olmuş şəhidlərin anılması tədbirlər ilə yanaşı fədakar əməkləri hesabına xalqımıza ad-san qazandırmış tanınmış şəxslərin də adlarının yaşaması naminə dövlət tərəfindən böyük qayğı vardır. Tanınmış lənkəranlı alim, tibb elmləri doktoru, professor Abbas Talışinskinin doğulduğu evdə xatirə lövhəsinin açılışı bu qayğının bariz nümunəsidir. Bəli, bütün əməl və fəaliyyəti insanlıq naminə olan böyük alimin unudulmaz şəxsiyyət kimi xatirəsinin əbədiləşdirilməsi təqdirəlayiq haldır.
Alimin qardaşı, respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Əzizağa Talışınski, qardaşı oğlu həkim Aydın Talışinski professor Abbas Talışinskinin fədakar əməyinə verilən yüksək qiymətə, adının əbədiləşdirilməsi ilə əlaqədar evinə xatirə lövhəsinin vurulmasına görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıq etdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü