Bir müddət əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdi küçəsi 140 A-240A ünvanının sakini, vaxtilə qəzetimizlə əməkdaşlıq edən jurnalist, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycan Karikaturaçılar Birliyi”nin üzvü Vəlicanov Qamət Səmət oğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə müraciət etmişdi.
Q.Vəlicanov üzləşdiyi problemin həllinə yardım etməsi üçün “Bakı-Xəbər”ə üz tutmuşdu. Q.Vəlicanov müraciətində bildirir: “Qonşuluqda ev tikintisi zamanı bizim evə məxsus olan və 21 ildir istifadə etdiyimiz kanalizasiya xəttini bağlayıblar. Dəfələrlə kanalizasiya xəttini bərpa etməli olduqlarını onlara bildirsəm də, heç bir nəticə olmayıb”.
Q.Vəlicanov yenidən redaksiyamızla əlaqə saxlayıb bildirdi ki, müraciəti ictimailəşdikdən sonra Binəqədi rayon Xocasən İcra Nümayəndəliyindən onunla əlaqə saxlayıblar və əraziyə baxış keçirəcəklərini bildiriblər. Q.Vəlicanov deyir ki, Binəqədi rayon Xocasən İcra Nümayəndəliyinin təmsilçilərinin onunla əlaqə saxlamasından günlər keçsə də, onlar əraziyə gəlib problemi həll etməyiblər.
Q.Vəlicanovun sözlərinə görə, qonşuluğunda inşa edilən evin yiyəsi kanalizasiyanı bağlayıb, həmin ev isə qanunsuz tikilidir. “Birincisi, qeyd edim ki, bu tikinti qeyri-qanuni tikintidir. Yəni heç bir rəsmi qurumdan icazə alınmadan tikilib. Kanalizasiya xəttinin bağlanmasına gəlincə, deyim ki, bu qanunsuz tikilinin həyətindən 20 metr məsafədə bizim evə məxsus kanalizasiya xətti keçirdi və həmin xətti kəsib atıblar...
Bu məsələ “Bakı-Xəbər”də ictimaliləşdirildikdən sonra Xocasən İcra nümayəndəsinin müavini Ramiz Həsənzadə müəllim noyabrın 18-də mənə zəng edib bildirdi ki, noyabrın 19-da orada qarşı tərəflə bir yerdə görüşək və yerə baxış keçirək. Mən də razılaşdım. Noyabrın 19-da saat 3-də görüşməli idik. Amma təəssüf ki, səhərisi gün Ramiz müəllim mənə zəng edib bildirdi ki, ev sahibi Rizvanın qayınatası Çərkəz kişi xəstələnib, şəkəri qalxıb, bununla bağlı onu xəstəxanaya aparıblar, sonra əlaqə saxlayarıq. Təəssüf ki, bugünə qədər hər hansı bir xəbər yoxdur”.
Q.Vəlicanovun probleminin həlli niyə gecikir? İcra Nümayəndəliyi niyə əraziyə gəlmək istəmir?
Ramiz Həsənzadə: “Qamət Vəlicanovun müraciətinə rəsmi məktubla cavab verilib”
Məsələ ilə bağlı Xocasən İcra nümayəndəsinin müavini Ramiz Həsənzadə ilə əlaqə saxladıq. R.Həsənzadə qeyd etdi ki, Q.Vəlicanovun problemi ilə tanışdır və onun müraciətinə rəsmi məktubla cavab verilib: “Mən bu problemi bilirəm və həll olunması mümkün olan problemdir. Qamət Vəlicanovun müraciətinə rəsmi məktubla cavab verilib. Həmin məktubda əraziyə baxış keçirilməsinin hansı səbəbdən gecikdiyi hüquqi cəhətdən əsaslandırılmış şəkildə izah olunub. Bildirilib ki, onun qonşusu ağır xəstədir və sağalandan sonra problemi həll edəcək. Qonşusu deyir ki, ayağa dursun problemi aradan qaldıracaq. Adam xəstədir, şəkərdir, ayağa dura bilmir. O qaçmır ki, problemi həll edəcək. Sadəcə, Qamət müəllim bir az hövsələsizlik edir. Problemi nəzarətimizdədir”.
İradə SARIYEVA