Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə əlaqədar nekroloq yaydı

img

Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

Tanınmış qələm sahibi, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, Əməkdar jurnalist, “Qızıl qələm” mükafatçısı İldırım Gülalı oğlu Dəmirli 25 noyabr 2021-ci il tarixində 79 yaşında dünyasını dəyişmişdir.

İldırım Dəmirli 1942-ci il dekabr ayının 31-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 1958-ci ildə İsmayıllı şəhərində başa vurmuşdur. Əmək fəaliyyətinə 1958-ci ilin sentyabrından Sumqayıtda tikinti idarəsində fəhləlikdən başlamışdır. 1963-cü ildə istehsalatdan ayrılmadan Sumqayıt Kimya-Texnologiya texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir.

İldırım Dəmirli 1968-ci ildən mətbuatda çalışmışdır. Əvvəlcə çoxtirajlı “Kauçuk” qəzetində əməkdaş, 1972-ci ildən isə çoxtirajlı “Kimyaçı” qəzetində məsul katib vəzifələrində işləmişdir.  1986–1992-ci illərdə “Sosialist Sumqayıtı” qəzetində əməkdaş və “Mühərrir” kiçik müəssisəsində direktor müavini olmuşdur. 1992-ci ildən “Azərbaycan kimyaçısı” qəzetində məsul katib, 2002-ci ildən isə baş redaktor vəzifəsində işləmişdir. Uzun illər “Kommunist” (İndiki “Xalq qəzeti”), “Azərbaycan gəncləri”, “Respublika” qəzetləri, populyar “Kirpi” satirik jurnalı ilə fəal əməkdaşlıq etmidir.

79 illik ömrünün 53 ilini şərəfli jurnalist peşəsinə həsr etmiş İldırım Dəmirli 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Eyni zamanda bədii yaradıcılıqla məşğul olan İldırım müəllim bir neçə kitab müəllifi idi. Səmərəli yaradıcılığına görə 2010-cu ildə “Qızıl qələm” media mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

İldırım Dəmirlinin əziz və unudulmaz xatirəsi yaxınlarının, əzizlərinin, doğmalarının, qələm dostlarının, məsləkdaşlarının qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Peşə etikası

Son xəbərlər