“Şuşa fatehi” əsəri səhnədə... - FOTO

img

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin növbəti səhnəyə qoyduqları ədəbi-bədii kompozisiyası “Şuşa fatehi” adlanırdı.

Səhnə əsərini yazıçı-publisist Nurəddin ƏDİLOĞLU Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış gizir Rəfail Teymur oğlu Hüseynovun əziz xatirəsinə ithaf etmişdi. Ədəbi-bədii kompozisiyasına baxmağa Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, müharibə veteranları, məktəb kollektivləri,  media, ictimaiyyət nümayəndələri  gəlmişdi.  

Vətən şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad ediləndən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərdən, zəfərdə rolu olan masallılı igidlərdən söz açmaqla Rəfail Hüseynovun şücaətindən geniş danışdı və Vətən yolunda şəhidlik zirvəsinə ucalanların adları əbədi qəhrəmanlıq tariximizdə qalacağını bildirdi.

Şəhidin atası, Qarğalıq kəndindən olan Teymur Hüseynov oğlunun şəhidliyini Vətəni qorumaqda ən yüksək amal və müqəddəslik saydı, bildirdi ki, hələ uşaqlıqdan Rəfail özünün qeyri-adi hünəri, cəsarəti ilə fərqlənirdi. Belə oğullar valideynlər üçün, böyüdüyü el-oba üçün, ən başlıcası isə Vətən üçün başucalığıdır.

Gizir Rəfail Teymur oğlu Hüseynovun ömür və döyüş yolundan bəhs edən video-çarxın  nümayişindən sonra söz əsərin müəllifi, yazıçı-publisist Nurəddin müəllim verildi. Çıxışında «Şəhidlik manifesti» kitabının təqdimatından indiyə kimi 11 dəfə ədəbi-bədii kompozisiyanın keçirməsinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi, eləcə bunun Vətən şəhidlərin ruhuna, qəhrəmanlığına çox böyük ehtiram olduğunu söylədi və şəhid Rəfail Hüseynovun qəhrəmanlıq yolundan qürur hissi ilə danışdı. Nurəddin müəllim çıxışını bitirib ədəbi-bədii kompozisiya həzin musiqi sədaları altında, kövrək fraqmentlərlə başlandı.

Tədbirdən sonra Masallı RİH başçısı Ş.Məmmədov və digər rayon rəsmiləri şəhid valideynləri ilə görüşərək onlara səbir diləyib, şəhidlərin ruhuna dərin ehtiramlarını bildirdilər .

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər