Koronavirus pandemiyası ilə əlaqədar, dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmasının dəfələrlə şahidi olmuşuq.
Qeyd edək ki, koronavirusun müalicəsində istifadə edilən dərman preparatlarının apteklərdə tapılmaması, eləcə də çox baha qiymətə satılması artıq ölkə əhəmiyyətli böyük problemə çevrilib. Məlumatlara görə, koronavirusla mübarizədə istifadə olunan “Favipiravir” və “Kleksan” apteklərdə tapılmır. 6 manata olan “Kleksan” qara bazarda 40 manata, 68 manata olan “Favipiravir”i isə 500 manata satılır.
Maraqlıdır, bu sahəyə necə nəzarət edilməlidir?
Pərvanə Mustafayeva: “Apteklər virusa yoluxmuş şəxsə dərmanı öz qiymətinə satmaq istəmir”
Həkim Pərvanə Mustafayeva bildirdi ki, koronavirusa yoluxmuş insanların sayı həddindən artıq çoxdur: “Üstəlik də, insanlar panikadadır. Əvvəllər virusa inanmayanlar artıq görürlər ki, qonşuda, qohumda xəstəlikdən ağırlaşıb dünyasını dəyişənlər var. Bundan əlavə, görürsən ki, ordan-burdan reseptlər əllərdə gəzir. Bəlkə də bu reseptlərdə müəyyən dərmanları xüsusi yazıb ötürüblər ki, həmin dərmanlar satılsın”.
Həmsöhbətimizin sözlərinə görə, ötən ilin sonu bu ilin əvvəlində koronavirusla mübarizədə istifadə olunan dərmanlar həm çətin tapılırdı, həm də qiymətləri birə-beş artmışdı: “O ərəfədə vitaminlərin də qiyməti qalxmışdı. Təəssüf ki, oxşar vəziyyət bəzi apteklərdə hələ müşahidə olunur. Apteklər virusa yoluxmuş şəxsə dərmanı öz qiymətinə satmaq istəmir. Artıq qazanc haqqında düşünənlər hələ də var”.
Həkim onu da əlavə etdi ki, “Favipiravir” və favipiravir tərkibli dərmanlar hələ koronavirusun birinci dalğası zamanı istifadə olunurdu. Bir çox ölkənin alimləri bu preparatların koronavirusa qarşı effektli olmadığını bəyan ediblər.
Adil Qeybulla: “Bizdə dərmanların qiyməti az qala Avropanın yüksək keyfiyyətli dərmanlarının qiymətləri ilə eynidir”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, Azərbaycanda dərmanlar real qiymətindən qat-qat bahadır: “Bizdə dərmanların qiyməti az qala Avropanın yüksək keyfiyyətli dərmanlarının qiymətləri ilə eynidir. Bu da qətiyyən qəbuledilməzdir, çünki Azərbaycan vətəndaşının gəlirləri çox aşağıdır. Bu baxımdan da dərman bazarında çox arzuolunmaz bir vəziyyət hökm sürür”.
Günel CƏLİLOVA