Bakı sakinləri lift haqlarının adi əlyazı kağızında ödənilməsindən niyə narahatdır?..

Osman Gündüz: “Lift ödənişlərinin hələ də kağız formasında həyata keçirilməsi qüsurlu bir vəziyyətdir”

img

Kommunal xidmətlərin internetdə ödənişi müasir dövrün tapıntılarından biri sayılır. Demək olar ki, əksər kommunal ödənişləri onlayn formada rahat həyata keçirmək mümkündür. Lakin Mənzil İstismar Sahəsinin tərkibində bəzi sahələr var ki, onlarda hələ də müasir dövrün texnoloji yenilikləri tətbiq olunmur. Lift ödənişlərinin yığılması köhnə qayda ilə mümkün olur.

Belə ki, əksər binalarda əhalidən lift ödənişləri əl ilə yazılmış, hüquqi əsası olmayan kağız əsasında olur. 

Qeyd edək ki, hələ 2018-ci ildən lift xidmətləri ilə bağlı ödənişlərin onlayn həyata keçirilməsi ilə bağlı təklif hazırlanıb təqdim ediləcəyi barədə xəbərlər yayılmışdı. Lakin üstündən 3 il keçsə də, məsələ hələ həllini tapmayıb.

Maraqlıdır, lift ödənişləri niyə hələ müasir dövrün tələbinə uyğunlaşdırılmır? Qeyd etdiyimiz ödənişi elektron formada həyata keçirmək hansı səbəbdən mümkün olmur?

  • “10 ildir ölkədə elektron hökumət quruculuğu istiqamətində işlər getməsinə baxmayaraq, ictimai, sosial əhəmiyyət kəsb edən sahələrin ödənişi hələ də elektron formada həyata keçirilmir”

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirdi ki, lift ödənişlərinin hələ də kağız şəkildə həyata keçirilməsi qüsurlu bir vəziyyətdir: “Məlumdur ki, 10 ildir ölkədə elektron hökumət quruculuğu istiqamətində işlər getməsinə baxmayaraq ictimai, sosial əhəmiyyət kəsb edən sahələrin ödənişi hələ də elektron formada həyata keçirilmir. Lift ödənişinin hələ də onlayn formada həyata keçirilməməsi də həmin sahə ilə məşğul olanların məsuliyyəti ilə bağlıdır. Aidiyyəti qurumlar məlum məsələ ilə bağlı araşdırma aparmalıdır. Qeyd edilən xidmət sahəsi elektron formaya keçirilməli, rəqəmsal ödəniş imkanı yaranmalıdır. Bu sahədə onlayn ödəniş müxtəlif terminallar, rəqəmsal platformalarda həyata keçirilə bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər