“Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi davam edir

img

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi davam edir.

Bu barədə “Baki-Xəbər”ə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində 2021-ci ilin oktyabr–noyabr aylarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Şamaxı və Quba filiallarında gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün seminarlar keçirilib. Ümumilikdə 180 nəfər gənc alim, doktorant, magistr seminarlara cəlb olunub və onlara təbliğat vasitələri paylanılıb. Onlar seminarların işində aktiv iştirak ediblər.

İştirakçılara “Open Science” platforması haqqında təqdimatlar edilib. Bu platforma vasitəsilə beynəlxalq sistemlərə üzv olmaq və onlardan istifadə yolları öyrədilib. “Open Access” jurnallarına çıxış imkanları, elmi məqalələrin hazırlanması metodologiyası barədə məlumat verilib. “Open Science” platformasında iştirakın vacibliyi haqqında gənc tədqiqatçılar məlumatlandırılıb.

Seminarlar müzakirələrlə davam edib. Region universitetlərində “Open Science” platformasının təbliğatının davamlı şəkildə və geniş çərçivədə qurulması universitet rəhbərlikləri ilə müzakirə olunub.

Ülviyyə NAĞIYEVA

Son xəbərlər