Goranboy rayonun Qazanbulaq qəsəbəsi sakini Rahıb Bayramov redaksiyamıza müraciət edib. Qazanbulaq sakini bildirir ki, uzun müddətdir işsizdir, hansı idarəyə üz tutursa o əliboş qaytarılır.
R.Bayramov deyir ki, işləmək istəyir, amma hələ də müraciətlərinə cavab verən, onu işlə təmin edən qurum yoxdur. İki uşaq atası olduğunu yazan R.Bayramovun sözlərinə görə, heç yerdən gəliri yoxdur və övladlarını çox çətinliklə saxlayır. “Goranboy rayonun Qazanbulaq qəsəbəsində yaşayıram, anam rəhmətə gedib, heç kimim yoxdur. Ailəliyəm, iki övladım var. Hara gedirəm iş tapa bilmirəm. Kənd Sovetinən iş istəyirəm deyir rayona get. Rayondan da deyirlər ki, iş olanda özümüz çağıracağıq. Ərzağın, qazın qiyməti qalxıb. Hər şey od qiymətinədir. Uşağım məktəbə gedir. Qızımın 7, oğlumun 3 yaşı var. Məndən çörək istəyir, olmasa hardan alım. Biz nə edək?Mənim yeganə istəyim odur ki, işlə təmin olunum, işləyim, ailəmi dolandırım”
R.Bayramov yazır ki, işsiz olmasına və heç bir yerdən gəlirinin olmamasına baxmayaraq sosial müavinət də ala bilmir. Yazır ki, neçə dəfə muraciət edib, amma ona heç bir cavab verilməyib.
Ailəsinin çətinlik çəkdiyini, bir parça çörəyə möhtac olduğunu yazan R.Bayramov Goranboy rayon İcra Hakimiyyətindən iş istəyir. O bildirir ki, sağlamdır və ona təklif ediləcək istənilən işdə çalışa bilər, təki bir parka çörək qazanıb balalarını dolandıra bilsin.
R.Bayramov deyir ki, o növbəti dəfə Goranboy İcra hakimiyyəti rəhbərliyinə “Bakı-Xəbər” vasitəsilə müraciət edir. Qazanbulaq sakini ümid edir ki, rayon icra hakimiyyəti onun müraciətinə cavab verəcək və tezliklə işlə təmin ediləcək.
Biz də ümid edirik ki, Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyi Qazanbulaq kəndinin sakininin işsizlik problemini nəzarətə götürəcək və onun çox qısa zamanda işlə təmin edilməsi üçün köməklik göstərəcək.
Əli TURABOV