Lerikin dağ kənlərində insan həyatı üçün təhlükəli ərzaqlar satılır...

img

Lerik rayonunun ucqar dağ kəndlərinin hər birində iki-üç ərzaq dükanı fəaliyyət göstərir. Ayrı-ayrı adamlara məxsus olan dükanlar tam nəzarətsizdir, odur ki, satılan qida məhsullarının keyfiyyəti heç kimi narahat etmir.

Halbuki, 30 ilə yaxındır dediyim hallar müşahidə olunur. Heç bir icazəsi olmayan, saxta sənədlərlə yaradılan dükanlarda vaxtı keçmiş qida məhsulları, həm də antisanitar şəraitdə, imkan tapıb şəhərə düşə bilməyən adamlara satılır. Necə deyərlər, unudulan dağ kəndlərində “xəlvəti dərədə tülkü bəylik edir”. Halbuki, bilə-bilə insanların taleyi ilə oynamağın axırı fəlakətdir.  

Rayonun ucqar əraziləri sayılan Bürsülümdə, Siyovda, Dasterdə, Conuda dükan sahiblərinin özbaşınalığı daha çox ürək bulandırır. Dediyim ərazilərin kəndlərində əksər dükanlar evlərin alt hissəsində yerləşir. Nəmişli, ən əsası gəmirici həşəratların məskəni olan belə yerlərdə ərzaq  saxlamaq standartlara uyğun deyildir. Nəzarətdən kənar qalan “kənd tacirləri” bunu edirlər. Bir də kənd dükanlarında həmişə bolluq olur. Üst-üstə  qalaqlanmış ətdən, undan hazırlanmış qida məhsulları, yağlar, müxtəlif növ içkilər, şirniyyatlar, rəngli siqaret qutuları ... uzaqdan belə adam gəl-gəl deyir. Amma bu bolluğun içində təzəsinə rast gəlməzsən. Gözünə dəyən nə varsa, hamısı  Lənkəran şəhərində fəaliyyət göstərən iri şirkətlərin vaxtı keçmiş, atılmış ərzaqlarıdır. Hətta bəzilərin üzərində mənşəyi, istehsal ilə bağlı heç bir məlumat yoxdur. Qiymət də dörd qat olur...

Deməyim odur ki, Lerikin əksər dağ kəndlərində neçə illərdir insan orqanizmi üçün təhlükəli olan ərzaq məhsullarının satışı adi hal alıb. Bütün bunlara görə səlahiyyətli təşkilatlar kənd dükanlara vaxt tapıb baş çəksələr lap yerinə düşər.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər