Sosial yardım almaq hüququ ilə bağlı ailələr üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bu, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırkı qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Təkilfə əsasən isə ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da sosial yardım ala bilmək üçün səbəblərə daxil edilir.
Digər təklif isə sosial yardımın təyin olunma müddətinin azaldılması ilə bağlıdır. Müddətin hazırkı iki ildən 1 ilə endirilməsi nəzərdə tutulur. Bildirilir ki, təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin, aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, son bir ayda ünvanlı yardım alan ailələrin sayı 12 min, başqa sözlə, 50 min ailə üzvü artaraq 1 may tarixinə 82 mini və ya 342 min ailə üzvünü ötüb. Yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.
“Əsas məqsəd ələbaxımlılıq psixologiyasının yaranmaması və aztəminatlı ailələrdən olan insanların məşğulluğunun təmin edilməsi yolu ilə…”
Vətəndaşların sosial yardım almaq imkanlarının genişləndirilməsinin əhəmiyyəti barəsində danışan millət vəkili Musa Quliyev qeyd etdi ki, Azərbaycanda əhalinin ünvanlı sosial yardım almaq imkanları daha da böyüyür: “Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna bir neçə dəyişiklik edilir. Qanuna edilən dəyişikliklə ünvanlı sosial yardım daha çox insanı əhatə edəcək. Qanuna təklif olunan digər bir dəyişikliklə isə ünvanlı sosial yardım alanların uçotlarının və düzgün informasiyaların vaxtında verilməsi təmin ediləcək. Başqa bir dəyişikliyin də mahiyyəti ünvanlı sosial yardımın təyin olunmasının 2 ildən 1 ilə endirilməsidir. Burada əsas məqsəd ələbaxımlılıq psixologiyasının yaranmaması və aztəminatlı ailələrdən olan insanların məşğulluğunun təmin edilməsi yolu ilə dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçilməsindən ibarətdir”.
Günel CƏLİLOVA