30/05/2020 06:08
728 x 90

Prezident səhiyyə institutlarımızı həkimlərin peşəkarlığı ilə uzlaşdırmağa çağırdı - proses necə gedəcək və virusla mübarizədə nə verəcək...

Adil Qeybulla:“Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb”

img

“Ölkəmizdə vaxtında müasir səhiyyə infrastrukturu formalaşdırılmasaydı, koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq mümkün olmazdı”

Dünyanı bürüyən koronavirus (COVID - 19) infeksiyasına qarşı Azərbaycanda ciddi tədbirlər həyata keçirilir. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilir. Virus daşıyıcılarının rahat şəkildə müalicə almasından ötrü onlar üçün hər cür şərait yaradılır. Martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır:“Bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə. Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır".

Səhiyyə infrastrukturunun həkimlərin peşəkarlığı və bilikləri ilə necə uzlaşdırıldığını öyrənmək üçün mütəxəssislərə müraciət etdik. Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, bu gün koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atılır: "Qeyd edilməlidir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bu gün tam əminliklə söyləmək olar ki, ölkəmizdə vaxtında müasir səhiyyə infrastrukturu formalaşdırılmasaydı, koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq mümkün olmazdı. Son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı ciddi dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparır, insanları həyata qaytarırlar. Həkimlərin əsas motivasiyası öz vəzifə borcunu layiqincə yerinə yetirmək və Hippokrat andına sadiqlik göstərməkdir. Bu gün Azərbaycan həkimləri xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risq altına ataraq xəstələrə xidmət göstərir, onların qulluğunda dururlar”.

Günel CƏLİLOVA

 

Son xəbərlər