Azərbaycan Milli Məclisi epidemiyaya qarşı mübarizəyə dəstək olacaq qanun layihələrini qəbul edib. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olunub.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, 211-ci maddə aşağıdakı redaksiyada verilir:
“Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.
Cinayət Məcəlləsinə 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddə əlavə olunur. Həmin maddəyə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məlumdur ki, Azərbaycan hakimiyyəti dünyanı bürüyən və pandemiya elan olunan virusla bağlı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə əməl edir. Bu sahədə qanunvericiliyin sərtləşdirilməsi hansı effekti verəcək?
Mehman Muradlı: “Xəstəliklə aparılan mübarizə çərçivəsində hüquqi məsuliyyət hissinin də aşılanmasının müsbət mənada göstəriciləri olacaq”
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qanunvericiliyə bu dəyişikliklərin edilməsi çox zəruridir: “Təəssüflər olsun ki, bizim vətəndaşlarımızın çoxuna epidemiya ilə bağlı vəziyyət tam çatmayıb. Sosial şəbəkələrdə aparılan təbliğatdan görürük ki, bəziləri bunu lağ obyektinə çevirmək istəyirlər. Ancaq dünyada gedən proseslərdən görürük ki, dövlətlər bununla necə ciddi mübarizə yolunu tutublar. Bu cür hallarla bağlı məsuliyyət növləri müxtəlif cür ola bilər. Yəni bütün məsuliyyət dövlətin üzərinə atılmamalıdır. Dövlət üzərinə düşən maarifləndirmə tədbirlərini görür, səlahiyyəti çatan yerlərdə işləri, tədrisi təxirə salır. Bununla iş bitirmi? Vətəndaşlar da öz üzərlərinə düşəni etməlidirlər. Karantin qaydalarına əməl etməli, şəxsi gigiyenasına fikir verməli, epidemiyanın yayılmasına səbəb ola biləcək addımlardan kənarda qalmalıdırlar. Bu artıq məsuliyyət məsələsidir. Çox təssüflər olsun ki, bizdə heç də bütün vətəndaşlar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Qənaətim bundan ibarətdir ki, bu epidemiyadan məsuliyyətli xalqlar az itki ilə çıxacaqlar. Bəli, məhz məsuliyyətli, iqtisadiyyatı, hərbisi güclü olanlar yox. Biz görürük ki, məsuliyyət hissini dərk edən ölkələrdə bu sarıdan vəziyyət qənaətbəxşdir. Bəzən olur ki, yuxarıda sadalanan amillər də bu işə kömək etmir. Bunun üçün hüquqi məsuliyyətin dərk edilməsi vacibdir. Epidemiyanın təhlükəlilik dərəcəsini nəzərə alsaq, onda qanunvericiliyin bu istiqamətdə sərtləşdirilməsini lazımi addım kimi qəbul edə bilərik. Edilən dəyişikliklər yalnız fiziki deyil, həm də hüquqi şəxslərlə bağlı məsuliyyət yaradır. Bununla bağlı əməllərin kriminallaşdırılması məsuliyyət hissini artıracaq. Bilirsiniz ki, Azərbaycan dövləti cəzaların dekriminallaşdırılması istiqamətində bir sıra vacib addımlar atıb. Yəni biz heç də həbslə bağlı olan maddələrin çoxalmasında maraqlı deyilik. Xəstəliklə aparılan mübarizə çərçivəsində hüquqi məsuliyyət hissinin də aşılanmasının müsbət mənada göstəriciləri olacaq, məsuliyyət hissini artıracaq”.
Məhəmmədəli QƏRİBLİ