11/12/2019 03:39
728 x 90

Körfəzdə müharibə təhlükəsi… İranda aksiyalarda ölənlərin sayı sürətlə artır, ABŞ-ın təyyarə gəmisi Hörmüz boğazına yaxınlaşır

img

İranda benzinin qiymətinin artırılmasına görə günlərdir davam edən etiraz aksiyalarında ölənlərin sayı durmadan artır. Ölkədə 4 gündür internet kəsilib və qarşıdurmalarla bağlı dəqiq məlumatlar almaq mümkün olmur.

Amnesty İnternational təşkilatına görə, ölkənin 21 şəhərində aksiyalarda ən azı 106 nəfər ölüb. Bu barədə etibarlı mənbələrdən məlumat aldığını bildirən təşkilat, hətta ölü sayısının 200 nəfər olduğu barədə xəbərlər aldığını da qeyd edir.

Bildirilir ki, İran polisi ölkənin 21 şəhərində etirazçılara qarşı atəş açıb. Amnesty İnternational snayperlərin binaların üstündən etirazçılara atəş açdığını, bir şəhərdə isə helikopterdən insanların gülləbaran edildiyini xəbər verir.

Təşkilat ölən etirazçıların cəsədlərinin ailələrinə verilmədiyini və dərhal dəfn edildiyini bildirir.

Belə bir vaxtda ABŞ-ın təyyarə gəmisi USS Abraham Lincoln və onu müşayiət edən döyüş gəmilərinin Hörmüz boğazına yaxınlaşdığı barədə xəbərlər yayılıb.

ABŞ donanmasının Hörmüz boğazını keçib Fars körfəzinə doğru irəliləməsi həm də, Tehran-Vaşinqton gərginliyinin yenidən artdığı bir vaxta təsadüf edir.

Pentaqon may ayında USS Abraham Linkoln gəmisini Oman körfəzinə göndərmişdi və həmin vaxt bölgədə böyük bir müharibənin baş verə biləcəyi təhlükəsi yaranmışdı.

Qeyd edək ki, iqtisadi sanksiyalara baxmayaraq, Yaxın Şərqdəki güc müharibəsinə milyardlarla dollar xərcləyən, Suriya, İraq və Livanda aktiv oan İranda benzin noyabrın 15-dən 50 faiz bahalaşıb.

Bir çox iranlılar hesab edirlər ki, dövlət büdcəsi Suriya, Yəmən və İraqdakı münaqişələrdən daha çox yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün istifadə edilməlidir. Büdcənin böyük bir hissəsi də şiəliyin dünyada yayılmasına yönəlmiş təbliğat üçün istifadə olunur.

İranın bir nömrəli düşməni kimi gördüyü ABŞ isə, nümayişçiləri dəstəklədiyini bəyan edib. 

Son xəbərlər