11/12/2019 05:47
728 x 90

Almaniyada mühacir ticarətinə görə polisdə saxlanan iki şəxsə Azərbaycanda daha əvvəl cinayət işləri açılıb - nə baş verəcək…

img

Almaniyada mühacir alverində ittiham olunaraq saxlanan Azərbaycan vətəndaşları ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb. Maddi sübutların aşkar edilməsi üçün evə və digər obyektlərə, həmçinin, təqsirləndirilənlərə məxsus nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilməsi barədə qərardadda qeyd olunub:

"Elektron və kağız daşıyıcılarda üçüncü şəxslərin qanunsuz ölkə ərazisinə daxil olması, təqsirləndirilənlərin əmlak, maliyyə və gəlirləri barədə elektron və yazılı məlumatlar; mobil telefonlar, kompyuter, elektron tabletlər, qanunsuz olaraq ölkəyə gətirilən şəxslər barədə məlumatların yerləşdiyi yaddaş kartları, xüsusilə İsmayılovun şahidliyi ilə; yerli və xarici bank hesabları; 1000 avro nağd pul; üçüncü şəxslərə məxsus pasport və digər identidikləşdirmə sənədləri; xidməti möhür; sui-istifadə olunmuş qaçqınlıq statusu ilə bağlı müraciət üçün ərizə nüsxələri və digər bu növ sənədlər.

Sadalanan maddi sübutlar, hansı ki, istintaqın gedişi ilə bağlı əhəmiyyətli sayıla bilər, müsadirə olunmalı və qorunması təmin edilməlidir. Könüllü şəkildə təqdim olunmayan maddi sübutlar zorla müsadirə olunur".

Rəsmi məlumatda aparılan axtarışların səbəbləri də izah olunub: "Aparılan axtarış tədbirləri Koblenz prokurorluğunun 08.10.2019-cu il tarixli ərizəsi əsasında həyata keçirilmişdir. Çünki faktlar nəticəsində, araşdırma zamanı maddi sübutların aşkar olunması və müsadirəsi ehtimalı var. (Alman Cinayət Prossesual Qaydalarının §§ 94, 102, 105, 162-ci maddələri).

İndiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən, çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var".

Həmçinin, qeyd olunub ki, təqsirləndirilən şəxs, ən azı, 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Mehdi Xəlilbəyli (O, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavinidir - red.) ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir.

Həbsi rəsmən təsdiqlənən şəxslərdən biri də Əlövsət Əliyevdir. Xalq yazıçısı Sabir Rüstəmxanlının qardaşı olan bu şəxs əvvəllər DİN orqanlarında çalışıb. Bir ailəni istinataqdan yayındırıb xaricə qaçırdığına görə barəsində cinayət işi açılaraq axtarışa verilib. Məhz həmin hadisədən sonra Əlövsət Əliyev ölkəni tərk edərək, Almaniyada sığınacaq alıb. Adı cinayət işinin əsas fiqurantı kimi keçən M.Xəlilbəyli barəsində də Azərbaycanda cinayət işi var, barəsində axtarış elan olunub. O, 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı Müsavat Partiyasının qabağında jurnalist Sahil Kərimlinin döyülməsinə görə təqsirli bilinir və axtarışa verilib. Faktiki olaraq Almaniyadakı saxta mühacir işində adları keçən əsas iki şəxsin Azərbaycanda etdikləri cinayət əməllərinə görə barələrində axtarış elan olunub. Onlar həmin hadisələrə görə təqib olunduqlarını əsas gətirərək, Almaniyaya sığınıblar. İndi də Alman Polisinin özü onların cinayət əməlini ifşa edib. Həmin adamlarla bağlı proses necə yekunlaşa bilər? Cinayət işlərinin birləşdirilməsi mümkündürmü?

  • Fərhad Mehdiyev: “Azərbaycana deport ediləndən sonra isə onların burada törətdikləri əməllərə hüquqi qiymət veriləcək”

Hüquq üzrə professor Fərhad Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böyük ehtimalla, onların ölkəyə deportu reallaşacaq: “Burada törətdikləri cinayətin motivindən asılıdır. Onlar istintaqdan yayındıqları, barələrində axtarış elan olunduğu üçün, cinayətdən azad olunma ilə bağlı müddət axını dayandırılıb. Yəni bu hallarda o hesablanmır. Məsələn, az ağır cinayətlərə görə bu müddət 7 il nəzərdə tutulur. Onlar, faktiki olaraq, Almaniyada konkret cinayət əməlinə görə həbs ediliblər. Barələrində istintaq aparılacaq, sonra məhkəmə hökmü olacaq. Alman qanunları çox da sərt deyil. Onların alacağı cəzanın müddətinin də böyük əhəmiyyəti olacaq. Həbs olunduqları və həbsdə olacaqları müddət cinayətdən azad olunma ilə bağlı müddət axınına aid olunacaq. Söhbət burada törədilən cinayətlərdən gedir. Çünki həbs ediləndən sonra bu müddət bərpa olunur. Əgər burada az ağır cinayət törədiblərsə, Almaniyadakı cəzaları da 7 ildən az olacaqsa, onda mütləq mənada cəzaları başa çatan kimi Azərbaycana deport ediləcəklər. Söhbət ekstradisiyadan yox, məhz deportdan gedir. Çünki həmin adamların əlində alman vətəndaşlıqları yoxdur. Azərbaycana deport ediləndən sonra isə onların burada törətdikləri əməllərə hüquqi qiymət veriləcək. Mənim təxminim budur ki, onlar, böyük ehtimalla, bura deport ediləcəklər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər