11/12/2019 03:52
728 x 90

Amerika təhsilli Azərbaycan nazirləri və məmurlar - “unikal imkanlar”...

img

Bu günlərdə “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib ki, Azərbaycan hökumətinə yeni təyin olunanlardan bəziləri ABŞ-da təhsil alıb, bu amil ölkəmizin xeyrinə olacaq:

“Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin, qanunun aliliyini təmin etməyin vacibliyini dəfələrlə qeyd edib. Bu proses güclü və davamlı islahatlar aparılmasını şərtləndirir. Ümidvaram ki, yeni təyin olunan hökumət üzvləri ilə görüşüb islahatlarla bağlı söhbət etmək fürsətim olacaq. ABŞ-da təhsil alan şəxslərin Azərbaycan hökumətində təmsil olunmalarına çox şadam. Onların ABŞ-da təhsil almaları qarşılarında nadir perspektivlər, unikal imkanlar açır. Həmin şəxslər mövcud problemlərin öhdəsindən daha yaxşı gələrək, Azərbaycana daha gözəl gələcək təmin etməyə çalışacaqlar”.

ABŞ səfirinin bu fikirləri bizi kiçik bir araşdırma aparmağa sövq etdi. Görəsən, Azərbaycanın hansı məmurları və nazirləri ABŞ təhsillidir? Bu xüsusda yüksək vəzifələrə yeni təyin olunan gənc kadrların harada ali təhsil almaları ilə bağlı araşdırma apardıq.

Məlum oldu ki, bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının rəhbəri təyin olunan Samir Nuriyevin tərcümeyi-halında onun ABŞ-da təhsil aldığı qeyd olunur: “O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək beynəlxalq inkişaf siyasəti üzrə magistr dərəcəsini əldə edib”.

Yeni təyin olunan İqtisadiyyat naziri Mikayıl Cabbarovun tərcümeyi-halında da ABŞ-da təhsil aldığına dair qeyd var. Bildirilir ki, 1992-1997-ci illər Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illər ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi olan Vüsal Hüseynovun bir neçə ali təhsili olsa da, onun həm də ABŞ-ın nüfuzlu Harvard Universitetinin məzunu olduğu bildirilir: “1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavadakı “Academia İstropolitana Novada” intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub və 2012-ci ildə oranı  bitirib.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin Con Kennedi adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olunub. O, təhsili müddətində  Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Cəmiyyətdə Kənd təsərrüfatı naziri İnam Kərimovun da ABŞ təhsilli olduğuna dair fikirlər  yayılsa da, bu doğru deyil. Nazirin rəsmi tərcümeyi-halında xaricdə təhsil almasına dair məqamlar var, ancaq bu, ABŞ yox, Fransanı əhatə edir: “1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasına qəbul olunan İnam Kərimov, 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.

Yeni vəzifəyə təyin olunan gənc kadrlardan biri də Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Sahil Babayevdir. Nazirin tərcümeyi-halını incələdikdə onun xaricdə heç bir ali təhsil almadığı məlum olur: “2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb”.

Rəsmi məlumatlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də xaricdə təhsil aldığı qeyd edilsə də, bunun ABŞ olmadığı qənaəti hasil olur. O,  1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

Ola bilər ki, nazir müavinləri və başqa mühüm dövlət postlarında ABŞ-da təhsil alan kadrlar daha çoxdur. Ancaq biz son dönəmdə yüksək vəzifəyə təyin olunan gənc kadrlarla bağlı  apardığımız araşdırmanı təqdim etdik.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər