11/12/2019 12:18
728 x 90

Müsəlman Qətər ağır 2017-ci il olaylarında böyük dəstəyi Türkiyədən gördü, türk düşməni erməni prezident Qətərdə “sevimli şəxsə” çevrilib...

Məhəmməd Əsədullazadə: “Qətərin bu siyasəti müsəlman ölkəsi olaraq Türkiyə və Azərbaycanla əlaqələrinə mənfi təsir edə bilər”

img

Qətər Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx əlaqələr qurmaqda davam edir. Belə ki, Ermənistan Pezidenti Armen Sarkisyan Qətərə səfər edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da 2017-ci ildə Qətərdə səfərdə olub. A.Sarkisyan Qətər əmiri ilə müzakirələr apardıqdan sonra bu ölkədə keçirilən innovasiya sammitində iştirak edib. O, Ermənistanın Qətərdə açdığı yeni səfirlik binasında olub. Bununla yanaşı, Qətər Ermənistan vətəndaşları üçün viza tələbini ləğv edib.

Məsələnin qəribə tərəfi həm də odur ki, Qətər Türkiyənin strateji tərəfdaşıdır. Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə Ankara Dohanı dəstəklədi və bununla Ər-Riyadla münasibətləri daha da soyudu. O zaman bir sıra ərəb dövləti bu ölkəyə sanksiya tətbiq etdi. Bu zaman yaranan ərzaq böhranından Qətəri Türkiyə xilas etdi. Digər tətəfdən, Türkiyənin Qətərdə hərbi bazası mövcuddur. Qətərdə onu da bilməmiş deyillər ki, Ermənistan Türkiyəni özünə düşmən sayır. Ancaq bu amil də rəsmi Dohaya İrəvanla siyasi təmaslara diqqətli olmağa kifayət etmir. Bundan başqa, Qətər yoxsul ölkə də deyil ki, deyəsən bu ölkənin Ermənistana ehtiyacı var. Belə olan halda, Qətərin Ermənistana olan sevgisi nə deməkdir?

  • “Ermənistan bu ölkə üçün iqtisadi baxımdan cəlbedici deyil”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan son illər Körfəz ölkələri ilə əməkdaşlığı genişləndirmək planına malikdir: “Əsasən Azərbaycanın bu yöndə addımlarından sonra Ermənistan bənzər siyasət həyata keçirdi. Qətərlə bu ölkə arasında siyası-iqtisadi əlaqələr əsasən Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşır. Təbii ki, Qətərin bu siyasəti müsəlman ölkəsi olaraq Türkiyə və Azərbaycanla əlaqələrinə mənfi təsir edə bilər. Nəzərə almaq lazımdır ki, Qətərə qarşı blokada həyata keçiriləndə ölkəni aclıqdan Türkiyə xilas etdi. Ancaq buna rəğmən, Ermənistan Prezidenti Qətərdə yüksək səviyyədə qarşılanır. Qətərin bu cür siyasət yeritməsi tamamilə yanlışdır. Hazırda Ermənistan Prezidentinin bu ölkəyə səfəri və iqtisadi əməkdaşlıq barədə sazişlərin bağlanması perspektivli olmayacaq. Çünki Ermənistan iqtisadi baxımdan cəlbedici deyil. Sadəcə, Ermənistan çalışır ki, turizmi bu istiqamətdə inkişaf etdirsin. Ermənistan çalışır ki, bu ölkələrdən turist cəlb etsin. Qətərin İslam Əməkdaşlığı Təşkilatının üzv ölkəsi olaraq tutduğu mövqe anti-Azərbaycan mövqeyidir. Xarici İşlər Nazirliyi Körfəz ölkələri ilə bağlı yeni əməkdaşlıq strategiyası hazırlamalıdır. Qətər, ümumiyyətlə, ərəb ölkələri ilə yola getmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər