11/12/2019 11:47
728 x 90

Almaniyada mühacir biznesi olayı Müsavat Partiyasını parçalayıb – saxta arayışlar kimin başqanlıq dönəmində verilib...

Məhərrəm Zülfüqarlı: “Saxta arayış məsələsi ilə əlaqədar partiyanın yenidən parçalanması ehtimalı böyükdür”

img

Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanması işi getdikcə böyüyür. Alman Polisinin həyata keçirdiyi əməliyyat zamanı saxlanan şəxslər arasında Müsavat Partiyasının bəzi üzvlərinin də olması partiya rəhbərliyi barəsində ciddi ittihamların ortaya çıxmasına səbəb olub.

Məsələ ondadır ki, Müsavatın mühacir biznesi şəbəkəsinin ifşası partiya daxilində ciddi qarşıdurmaya səbəb olub. Belə ki, vaxtilə partiya rəhbərliyinin qanunsuz fəaliyyətinə qarşı çıxan və bu səbəbdən Arif Hacılının qəzəbinə tuş gələnlər hazırda onun istefasını tələb edirlər. Müsavat başqanının sabiq müavini Yadigar Sadıqlı hesab edir ki, Arif Hacılı və onun ətrafındakı şəxslər birbaşa mühacir biznesinin əsas təşkilatçılarıdır: “Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa verməlidir”.

Digər müsavatçılar da bu biabırçılığa görə A.Hacılını istefaya çağırırlar. Bununla yanaşı, məsələyə fərqli yanaşan partiya təəssübkeşləri də var. Onlar hesab edirlər ki, Müsavat Partiyasının adından saxta arayışların verilməsi əvvəl də mövcud olub. Yəni İsa Qəmbərin başqanlığı dönəmində çoxsaylı saxta arayış verilib. Bu səbəbdən sözügedən məsələdə əsas günahkarlardan biri məhz İsa Qəmbərdir.

Bu arada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, A.Hacılıya yönələn ittihamlarla bağlı heç bir partiya funksioneri onu sosial şəbəkədə müdafiə etmir. Təkcə A.Hacılının özü barəsində səslənən ittihamlara münasibət bildirir.

Bütün hallarda, saxta arayış məsələsinin bu cür böyüməsi Müsavat Partiyasının parçalanması baxımından nə vəd edir?

  • “...cəmiyyətdə düzlükdən, ədalətdən danışan şəxslər bu cür iyrənc hərəkətlə məşğul olublar”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, saxta arayış qalmaqalından sonra Müsavat Partiyasının yenidən parçalanması ehtimalı böyükdür: “Zatən, Müsavat Partiyası bir neçə dəfə parçalanıb. Partiyadan gedənlər müxtəlif təşkilatlar yaradıblar. Saxta arayış məsələsi ilə əlaqədar partiyanın yenidən parçalanması ehtimalı böyükdür. Bu səbəbdən siyasətdən gedənlər, başqa partiyalara üz tutanlar olacaq. Çünki bu faktlar Müsavat Partiyası üzvlərinin inamını azaldır. Ümid etdiyi ideologiyaya, şəxslərə olan inamları qırılır. Ona görə də partiyada müxtəlif proseslər baş verə bilər. Çünki bu çox xoşagəlməz haldır ki, cəmiyyətdə düzlükdən, ədalətdən danışan şəxslər bu cür iyrənc hərəkətlə məşğul olublar. Bunu Azərbaycan Polisi aşkar etsəydi, deyərdilər burada siyasi motiv var. Saxta arayış məsələsini Avropa Polisi aşkar edib və beynəlxalq hüquqa zidd olduğuna görə bir neçə nəfər deportasiya edilib. Bütün hallarda, həmin insanların fəaliyyəti araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər