11/12/2019 11:48
728 x 90

Faşist erməni Njdenin abidəsi Armavirdə necə peyda olub - Rusiya hakimiyyət orqanları qarşısında sual...

img

Ermənistan dövlət olaraq faşizmi dəstəkləməsini artıq açıq müstəvidə bəyan edir. Hətta iş o yerə çatıb ki, onlar bununla bağlı faşizmlə mübarizənin əsas avanqardı sayılan Rusiyanı da hədələməkdən çəkinmirlər.

Məlum olduğu kimi, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib. Həmin hərəkət Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov tərəfindən törədilib. O, lövhənin üzərinə boya töküb. Bunun ardınca Ermənistanın Moskvadakı səfirliyi etiraz bəyanatı yayaraq, baş vermiş hadisəni “erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirdi. Ermənistan XİN hətta Armavir şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə, hətta deputatı cəzalandırmağa çağırdı.

Maraqlıdır ki, Ermənistan XİN-in etirazına rəsmi Moskva heç bir reaksiya verməyib. Əslində, Rusiyanın bu laqeydliyi ciddi şübhələr doğurur. Rusiya o dövlətdir ki, BMT-yə dünyada faşizmin təbliğ olunmasını qadağan edən qətnamə layihəsi təqdim edib. Rusiya həmin müharibədə milyonlarla övladını itirib, ölkəyə misli görünməmiş səviyyədə ziyan vurulub.  Bütün bunların fonunda, Rusiya hökuməti faşistliyinə zərrə qədər də şübhə olmayan Njdeyə aid xatirə löhvəsinin qalmasına necə səbrlə yanaşa bilir? Hətta Ermənistanın əndazəsini aşan açıqlamasına cavab verməməklə Rusiya öz dəyərlərinə, tarixinə hörmətsizlik etmiş olurmu?

  • Yeganə Hacıyeva: “Təbliğatı bir qədər də genişləndirməklə biz nəyəsə nail ola bilərik”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu məsələyə bir qədər əvvəl dövlət səviyyəsində münasibət açıqlayıb: “Hətta Rusiya XİN-in bununla bağlı xüsusi hesabatı da yayılıb. Həmin hesabatda Njde məsələsinə də toxunulub. Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında" hesabatı bəzi dünya ölkələrində nasizmin, neonasizmin təzahürlərinin artmasına və İkinci Dünya Müharibəsinin tarixini yenidən yazmağa cəhd göstərilməsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib. Ermənistandakı vəziyyətin təhlili də hesabatda öz yerini tapıb. Rusiya Xarici İşlər Nazirliyi " Ermənistanın keçmiş iqtidar Respublikaçılar Partiyasının Üçüncü reyx ilə əlaqəsi haqqında məlumatlar mövcud olan Q.Njdenin xatirəsinin birmənalı olmayaraq milliyyətçi siyasi qəhrəman kimi əbədiləşdirilməsi üçün addımlar atdığını" qeyd edir, həmçinin, millətçi "Sosna Tsrer" təşkilatının fəaliyyətindən ciddi narahatlıq keçirdiyini bildirirdi. Ancaq, görünür, həmin hesabatda qeyd edilənlər elə kağız üzərində qalıb. Hətta vəziyyət o həddə çatıb ki, ermənilər Njdenin təbliğatını Rusiyanın öz ərazisinə də transfer etməyi, onun xatirəsini anmağı belə bacarıblar. Son hadisələr də göstərdi ki, nədənsə, Rusiya buna susqun mövqe nümayiş etdirir. Prezident İlham Əliyev çox lazımlı yerdə, məhz MDB dövlət başçılarının iclasında Ermənistan Baş naziri Nikol Paşinyanın tutarlı cavabını verdi. Dövlət başçısı iclasda Ermənistanı, sözün həqiqi mənasında, ifşa etdi. Reallıq budur ki, İkinci Dünya Müharibəsi zamanı ermənilərin kifayət qədər ciddi bir hissəsi Almaniya nasistlərinin yanında yer alıb. Bu da o deməkdir ki, həmin dövrdə ermənilər sovetlərin tərkibində olan hər millətə qarşı savaşıblar. Bütün dünyanın faşizmə, terrorizmə qarşı mübarizə apardığı bir dönəmdə İrəvanın mərkəzi küçəsində faşist general Qaregin Njdeyə abidə ucaldılıb. Bu abidənin özü Ermənistanın apardığı təcavüzkar siyasətin ən bariz nümunəsidir. Njde müharibə ərəfəsində erməniləri faşizmə cəlb etməklə məşğul idi. O, Hitler ordusunun tərkibində ayrıca briqada yaradaraq Krım yarımadasının işğalında və Qafqaz uğrunda döyüşlərdə fəal iştirak edib. Bu gün Ermənistan hakimiyyəti Njdeyə abidə qoyaraq dövlət səviyyəsində faşizmə dəstək verdiyini ortaya qoyur. Maraqlıdır ki, bu məsələdə erməni siyasətinin bütün spektri eyni mövqedən çıxış edir və birmənalı olaraq Njdeni müdafiə edir. Rusiyanın öz ərazisində Njdeyə bəslənən sevgiyə biganə yanaşması isə Moskvanın həssas bir məsələ ilə bağlı manevr etdiyini göstərir. Ola bilər ki, bu məsələ Rusiyanın ictimai rəyinə lazımi səviyyədə çatdırılmayıb. Yoxsa, oradakı siyasi qüvvələr hakimiyyəti ciddi addımlar atmağa vadar edə bilər. Biz həm də bu istiqamətdə çalışmalıyıq. Mövzunu əhatə edən rus dilində materialları onların ictimai rəyinə təqdim etməliyik. Bəllidir ki, Rusiyanın daxili ictimai rəyində bu məsələyə həssas münasibət var. Təbliğatı bir qədər də genişləndirməklə biz nəyəsə nail ola bilərik. Bizim səfirlik də Armavirdəki Njde məsələsi ilə bağlı Rusiyanın hakimiyyət dairələrinə mövqeyini bildirməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər