Müsavat başqanı Arif Hacılı özünün "Facebook" səhifəsində müxalifətin yeni birlik modelini təqdim edib. Arif Hacılı sosial şəbəkədə yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb və partiya rəhbərlərindən, o cümlədən, ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.
Arif Hacılı sonra qeyd edib: “Bu təklifləri, eyni zamanda, siyasi resursların toparlanması zərurətini nəzərə alaraq, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi masanın keçirilməsini təklif edirəm”.
Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və sosial şəbəkədə ciddi müzakirələrə yol açıb. Adı korrupsiyada hallanan və hakimiyyətdə olduğu dönəmdə müxalifətə qarşı sərtliyi ilə seçilən sabiq səhiyyə nazirinin yeni qüvvə kimi təqdim edilməsi birmənalı qarşılanmayıb. Onu da vurğulayaq ki, Arif Hacılının yeni birlik formulu kimi təqdim etdiyi siyasətçilər artıq uzun illər boyunca siyasi müstəvidə olan və təqaüd yaşı çatmış insanlardır. İqtidar öz dəhlizlərindən yaşı ötmüş insanlarla vidalaşırsa, müxalifət yenidən köhnə siyasətçiləri diriltməyə çalışır. Adları siyahıda yazılan adamlar indiyə kimi hansı uğura imza atıblar ki, onların bir yerə toplanması nəsə nəticə vermiş olsun? Maraqlıdır, belə birlik modeli mümkündürmü, baş tutarsa, ondan hansı nəticəni gözləməyə dəyər?
Elşən Həsənov: “Görürlər ki, biri 5-10 nəfər çıxarıb meydanda səs-küy edir, adı gündəmdə olur, fikirləşirlər biz niyə etməyək?”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, belə bir çağırışın olmasından xəbərdardır: “Bu insanlar sanki özlərinə başqa peşə tapa bilmirlər. Siyasəti lap evcik-evcik oyununa döndəriblər. Arif Hacılıya sual vermək lazımdır ki, indiyə qədər müxalifətin nə qədər birlik modelləri olub və hansı nəticəni verib? Özləri bunun nəticəsiz olacağını gözəl anlayırlar. Digər tərəfdən, Arif Hacılının siyahısında elə adamların adı var ki, onlar nə bir yerdə nəisə müzakirə etməyə razı olar, heç çay da içməzlər. Müxalifətin bir qanadı mitinq edir, onlara qoşulmaq istəyən digər müxalif qüvvələri yaxın buraxmır ki, “dividendi” özü götürsün. Bunlardan hansı səmimiyyəti gözləməyə dəyər? Bu yaxınlarda fəaliyyət göstərən bir blokda biz də təmsil olunduq. Adı da Azərbaycan Xalq Hərəkatı idi. Qısa zaman ərzində həmin qurum az qala 10 yerə parçalandı. Orada təmsil olunanlar bir-birinin ünvanına nələr demədilər? Bu siyahıda adları keçən adamlardan da bəziləri orada vardı. Bu cür insanlar siyasətdən kənara çəkilsə yaxşı olar. Bilirsiniz niyə ruhlanırlar? Görürlər ki, biri 5-10 nəfər çıxarıb meydanda səs-küy edir, adı gündəmdə olur, fikirləşirlər biz niyə etməyək? Fikir verin, həmin siyahıda Arif Hacılı Əli İnsanovun adını başda birinci yazıb. Əli İnsanov bunlara nə ideya verə bilər ki? Sadəcə, gücündən, maddi imkanından yararlanmaq istəyirlər ki, 5-10 manat irəli düşsünlər”.
Məhəmmədəli QƏRİBLİ