Bakı Slavyan Universitetinin bir qrup tələbəsinin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində qalib olmaları sosial şəbəkələrdə ciddi tənqid edilib. Y.Primakov Azərbaycan xalqının yaddaşında Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzünün təşkilatçılarından biri kimi qalıb. Həmin şəxsin xatirəsinə esse müsabiqəsi keçirilməsini isə bir sıra şəxslər cinayət adlandırıblar.
Məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının liderlərindən olan Etibar Məmmədov, Müsavatın eks başqanı İsa Qəmbər və Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu kəskin reaksiya veriblər və bunu 20 Yanvar şəhidlərimizə qarşı böyük hörmətsizlik kimi dəyərləndiriblər.
Qeyd edək ki, müsabiqədə Beynəlxalq münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültələrinin tələbələri iştirak ediblər. Qalibləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatlandırıb.
“20 Yanvar“ İctimai Birliyi, “Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Tərxis Olunmuş Hərbçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı Bakı Slavyan Universitetində əli Azərbaycan xalqının qanına batmış Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsinə etiraz olaraq birgə bəyanat veriblər.
Bəyanatda deyilir: “Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə birlikdə 1990-cı ilin 20 Yanvar hadisələrinin təşkilatçılarından və icraçılarından biri olan Yevgeni Primakovun anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq esse müsabiqə keçirib. Oktyabrın 15-də esse müsabiqənin qaliblərinə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyində diplomlar təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən əlləri xalqımızın qanına bulaşmış qatilin - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də keçirilib. 20 Yanvar hadisələri zamanı və ondan sonrakı günlərdə 150 nəfərin şəhid olmasının, 744 nəfərin yaralanaraq əlil olmasının, 2 mindən çox vətəndaşımızın həbs olunaraq təzyiqlərə məruz qalmasının əsas təşkilatçılarından biri olan bu cəlladın - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycan xalqının heysiyyatına və şəhidlərimizin ruhuna qarşı təhqirdir. 20 Yanvar, Qarabağ şəhid ailələri və əlilləri adından müvafiq dövlət qurumlarından tələb edirik:
1. Yevgeni Primakov adlı caninin şərəfinə təşkil olunmuş sərgi dərhal dayandırılsın.
2. Bakı Slavyan Universitetinin rəhbərləri xalqımıza qarşı törətdikləri ağır cinayətə bərabər olan hərəkətlərinə görə təxirə salınmadan tutduqları vəzifədən azad edilsin.
3. Baş verən rəzalətə görə təşkilatçılar vətənin ayrılmaz hissəsi olan Qarabağ uğrunda 20 min şəhid verən Azərbaycan xalqından, o cümlədən, 20 Yanvar şəhid ailələrindən və əlillərindən üzr istəsinlər“.
Bakı Slavyan Universitetinin mətbuat xidməti yaranmış vəziyyətlə bağlı mövqe bildirib:
“Oktyabrın 30-da sosial şəbəkələrdə Bakı Slavyan Universiteti (BSU) haqqında reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib. Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda, BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır”.
Məlumatda qeyd edilib ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub: “BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin, Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da, bütövlükdə, region üçün nadir sayıla biləcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Hazırda BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Həmin tədris-mədəniyyət mərkəzlərindən biri də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, “dəyirmi masa”larda, dövlət və milli bayramlarda və digər tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Eyni zamanda, BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər.
Yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.
Məlumatda, həmçinin, qeyd olunub ki, Rusiya Federasiyası Azərbaycanın böyük qonşusudur: “Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursunu Azərbaycan Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Universitetin kollektivi belə, həqiqəti əks etdirməyən yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Həmin yazıda BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında səslənən əsassız iddialara isə cavab olaraq bildirmək istəyirik ki, N.Əliyeva xalqımızın milli maraqlarına, dövlətə və dövlətçiliyə sədaqətli bir elm və təhsil xadimi, ziyalı Azərbaycan xanımıdır. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən, siyasi partiya funksionerlərindən dövlət və dövlətçiliklə bağlı belə siyasi mövzulara real və həssas yanaşmağı, ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrə obyektiv yanaşmağı xahiş edirik”.
İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox biabırçı bir haldır: “Nurlana Əliyeva həmin universitətə rəhbər təyin ediləndən sonra biz BSU-nun adının yalnız qalmaqallarda hallandığını görürük. Əvvəl universitetin binasının fasadında olan tarixi mozaikanı sökdülər. Sonra başqa neqativliklərin ictimailəşməsinin şahidi olduq. İndi də bu məsələ. Mən bir neçə dəfədir universitetin adı hallanan hansısa məsələyə reaksiya verdiyinin şahidi oluram. Təhsil müəssisəsinin adından yayılan həmin məlumatlarda səhvin etiraf olunması əvəzinə, jurnalistlərə hədə-qorxu gəlinir, kimlərinsə guya belə məlumatları məqsədli yazdığına dair rəy formalaşdırmağa çalışılır. Siz bu məsələ ilə bağlı onların adından yayılan məlumata baxın. Az qalırlar yazalar ki, əcəb etmişik. Gah yazırlar ki, müsabiqədə iştirak edən əcnəbi tələbələr olub, gah da Primakovun böyük dövlət adamı olduğunu qeyd etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Götürək ki, esseni yazan əcnəbilərdir. Yaxşı, müsabiqə harada keçirilib? Nurlana Əliyeva niyə buna icazə verib? Ya bilərəkdən edib, ictimai rəyi heç saymayıb, ya da tariximizi yaxşı bilmir. Yoxsa belə etməzdi. Hər iki hal bizim üçün acınacaqlıdır. Mən bunu pisləyirəm və bağışlanmaz səhv sayıram. Hesab edirəm ki, baş vermiş bu hadisədən sonra Nurlana xanım istefa verməlidir. Yoxsa, üzürü günahından betər mövqe ifadə etməklə cəmiyyəti qıcıqlandırmaq olmaz”.
Məhəmmədəli QƏRİBLİ