“Elçibəy dedi ki, Heydər Əliyev qardaşı akademik Həsən Əliyevin yasında mənimlə saatlarla söhbət etdi, çox tövsiyələr verdi, komandamda olanlar Heydər Əliyevin dediklərini etməyə qoymadılar”
Müsahibimiz ömrünün 60 ildən çoxunu Bakı Dövlət Universitetinə həsr edən BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor, BMT-nin sülh səfiri, “Söz” Akademiyasının üzvü, “Tərəqqi” medallı, məşhur 91-lərdən biri Əsədulla Qurbanovu redaksiyamıza dəvət etdik.
Əsədulla müəllim həm BDU-nun 100 illik fəaliyyətindən danışdı, həm də xalqımızın böyük oğlu, müasir Azəbaycan dövlətinin qurucusu Heydər Əliyevlə görüşlərini, söhbətlərini xatırladı.
(Əvvəli ötən sayımızda)
- Deyirsiniz Heydər Əliyevlə 17 dəfə görüşmüsünüz. O, ondan götürdüyünüz müsahibəni xatırlayırdımı?
- Bəli, xatırlayırdı. Onun çox gözəl yaddaşı vardı, heç bir hadisə yadından çıxmırdı. Heydər Əliyevlə hər görüşüm bir tarixdir. Sizinlə danışarkən Heydər Əliyevlə bağlı daha bir görüşümü xatırlamaq istəyirəm. 1974-cü il idi. Bahar bayramı qabağı idi. Mən həyat yoldaşımla qohumları Bahar bayramı münasibətilə təbrik etmək üçün şəhərə gəldik. Biz 8-ci kilometr qəsəbəsində yaşayırıq. O vaxt çox məşhur olan “Beşmərtəbə” deyilən yerdə çox yaxşı bir mağaza vardı. Yoldaşımla həmin mağazadan hədiyyələr alıb çıxmaq istəyirdik ki, bu zaman mağazanın qapısı açıldı və Heydər Əliyev içəri girdi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Heydər Əliyev içəri girib, düz gəlib ət satanın qarşısında dayandı, üzünü satıcıya tutub soruşdu: “ay oğul, siz nə üçün üç müxtəlif növ əti eyni tərəzidə çəkirsiniz? İllah da ki, sabah Bahar bayramıdır”. Həmin mağazada qoyun, mal və donuz əti satılırdı. Siz Heydər Əliyevin həssaslığına, diqqətinə baxın. Heydər Əliyev kifayət qədər nümunəvi, milli bir şəxsiyyət idi. Mən irəli yeridim və dedim ki, Heydər Əliyeviç, bu sözü biz ziyalılar ona deməliydik. Baxdı, gülümsədi. Dedim, Heydər Əliyeviç, mən Bahar bayramınızı təbrik edirəm. Əlini çiynimə qoyub “bahəm, mən də sizi təbrik edirəm” dedi.
- Sizi tanımışdı?
- Bəli. Mən onunla ilk dəfə 1957-ci ildə görüşmüşdüm, sonra isə 1974-cü ildə təsadüfən görüşdüm.
- Heydər Əliyevlə daha sonra nə zaman görüşdünüz?
- Sonra 1992-ci ildə, Yeni Azərbaycan Partiyasının Birinci Qurultayında da görüşdük. Biz qurultayda iştirak etmək üçün Naxçıvana getmişdik. Soyuq bir gün idi. Bilirsiniz ki, Naxçıvan soyuq olan yerdir. Qurultay Naxçıvan Dövlət Dram Teatrının yerləşdiyi binada keçirilirdi. Həmin qurultayda məni 91-lərdən biri kimi siyasi şuranın üzvü seçdilər. Heydər Əliyevlə əlaqələrimiz bundan sonra daha da möhkəmləndi, tez-tez əlaqə saxlamağa başladıq. 1993-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyevlə birgə partiyanın mərkəzi aparatında gözləyirdik ki, Naxçıvandan bizə tapşırıq veriləcək. Axşamüstü idi, Heydər Əliyevdən zəng gəldi. O, Rəfael Allahverdiyevlə danışırdı. Dedi ki, Rəfael, bilirsən Gəncədə nə baş verib? Rəfael Allahverdiyev “Bilirəm, Heydər Əliyeviç” - deyə cavab verdi. Heydər Əliyev dedi ki, Gəncədə baş verən hərbi qiyamın qarşısı alınmasa, bu dövlət də və bu xalq da yoxdur, respublikanın nüfuzlu ağsaqqallarını başına yığ, get Elçibəyin yanına, ona vəziyyəti izah et və başa salın ki, bu hərbi qiyamın qarşısı alınmalıdır. R.Allahverdiyev Heydər Əliyevə “baş üstə” dedi. Sonra Heydər Əliyev R.Allahverdiyevə dedi ki, professor Əsədulla Qurbanovu axtar tap və onun yaxşı bir dostu var - Mərkəzi Komitənin keçmiş birinci katibi İmam Mustafayev, o gedib onu da bu işə cəlb etsin.
- Demək, akademik İmam Mustafayev həmin dövrdə sağ idi...
- Bəli. O, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun direktoru işləyirdi. Mən durub İ.Mustafayevin yanına getdim və gördüm ki, o, kabinetdə yoxdur. İşçilərdən onun yerini soruşdum, dedilər ki, institutun həyətində kiçik bir daxma var, orada xəstə yatır. Düzü, çox pis oldum. Həmin otağa getdim, gördüm ki, dəmir çarpayıda tək-tənha, xəstə yatır. Dedim ki, İmam dayı, mənə Heydər Əliyev belə bir tapşırıq verib. Dedi ki, ay Əsədulla, əvvəla mən sizin partiyanın üzvü deyiləm, ikincisi də görürsən, xəstə yatıram, halım pisdir. Dedim nə olub sizə? “Qrip olmuşam” dedi. Mən dərhal 91-lərdən olan Munis Bayramova zəng vurub dedim ki, Munis, get köhnə univermağın yanında bir mağaza var, orada yaxşı moruq, zoğal mürəbbəsi satılır, onları al gətir. Munis dediklərimi alıb gətirdi, çay içdik, kişi bir az özünə gəldi. Mən və İ.Mustafayev Munisin maşını ilə Elçibəyin yanına getdik. Biz Elçibəyin otağına girəndə gördük ki, komandası yanında oturub. Çünki Rəfael ona məlumat vermişdi, o bizi gözləyirdi. Elçibəyin kabineti tüstü-duman içində idi, o qədər siqaret çəkmişdilər ki... İ.Mustafayev dedi ki, ay Əbülfəz, sən harada işləyirsən, bu nə gün-dirlikdi? O da dedi ki, İmam dayı, bu “mehrallılar” mənim sözümə qulaq asmırlar və otaqda siqaret çəkirlər. İmam müəllimin sözündən sonra hamısı durub çıxdılar, otaqda yalnız Əbülfəz Elçibəyin köməkçisi Seyfəddin Əhmədov və indiki millət vəkili Fazil Mustafa qaldılar. F.Mustafa onda hüquq şöbəsinin müdiri idi. Biz Elçibəyə gəlişimizin məqsədini dedik. Bizə tapşırıq verilmişdi ki, çalışıb Surətlə görüşün. Bunu Elçibəyə dedik. Elçibəy dedi ki, Surət mənim zəngimə cavab vermir, özü də telefonu götürmür, (əlini boğazına uzadıb - Ə.Q.) məni də yığıb bura. İmam müəllim dedi ki, Surətlə telefon əlaqəsi yaradın, onunla danışmaq istəyirəm. Telefonla hava yolu ilə, dövlət xətti ilə Gəncəyə qoşulduq. İ.Mustafayev salamlaşan kimi Surətin səsi eşidildi: “İmam dayı, sizsiniz?” İmam müəllim dedi ki, bəli, mənəm. Surət İ.Mustafayevə dedi ki, siz Gəncəyə gəlirsinizsə, mən tabe. Gəncədə lazım olan işləri gördük. Görüşdə Ə.Elçibəy demişdi ki, Surətin bir qardaşı var - Şöhrət Hüseynov, Xətai rayonunda müəllim işləyir, onu bura gətiriblər, Prezident Aparatındadır, bizim də 4 adamımızı Surət tutub. O adamlar kimlər idilər? Surət keçmiş baş prokuror İxtiyar Şirinovu, keçmiş milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər və daha iki nəfəri tutmuşdu. Elçibəy bizdən xahiş etmişdi ki, o dörd nəfəri Gəncədən özünüzlə gətirin və qardaşını da Surətə təhvil verin. Elçibəy “Şöhrəti aparın, onları gətirin” dedikdə, İ.Mustafayev bildirdi ki, Şöhrətin günahı varsa, aparmayacağıq, onların da günahı varsa, gətirməyəcəyik. Elçibəy də dedi ki, siz ağsaqqalsınız, böyük adamsınız, nə təhər məsləhətdir, elə də edin. Biz Gəncədə həmin o dörd nəfəri çağırdıq. İyunun 6-da Gəncədə olduq, 7-də qayıtdıq. 8 iyun 1993-cü ildə Elçibəyin yanında nəticələri müzakirə edirdik. Amma həmin o dörd nəfər müzakirəyə gəlmədilər. İ.Şirinov demişdi ki, Ə.Elçibəy cinayətkardır. Mən də ona dedim ki, İxtiyar müəllim, siz hüquqşünazsınız, mən filosofam, məhkəmə qərarı olmadan kiməsə “cinayətkar” demək olmaz. Dedi ki, yaxşı, siz deyən olsun, amma o biriləri istefa versin. Dedim ki, bu, başqa məsələ. Elçibəylə bir-birimizi çoxdan tanıyırdıq, o mənim tələbə yoldaşım olmuşdu. Elçibəy iclasda mənə dedi ki, o birilər getsin, sən qal.
- Elçibəy Sizi nə üçün saxladı?
- Mən ondan elə bunu soruşdum. Dedi ki, qardaş, sən məni iki dəfə ölümdən qurtarmısan, üçüncüyə də ehtiyacım var.
- Nəyi nəzərdə tuturdu?
- Mən ondan onu ölümdən necə qurtarmağı soruşdum. Dedi ki, özün bilirsən. 1974-cü ildə o, türmədən yeni çıxmışdı və mən onu Balakənin Katex kəndinə, doğulduğum kəndə apardım, 2 ay orada qaldı. Bakıya gələndən sonra Cahangir Qəhrəmanovdan xahiş etdim ki, onu işə götürsün, götürdü. Mənim ona yaxşılıqlarım o idi. Təkbətək qaldıqda Elçibəy dedi ki, başımı itirmişəm, qardaş, mənə kömək et. Dedim düz deyirsən? Dedi bəli. Cavab verdim ki, yeganə yol Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsidir, başqa yol yoxdur. Elçibəy dedi ki, o məndən inciyib, telefon zənglərimə cavab vermir, özü də zəng vurmur. Elçibəy dedi ki, Heydər Əliyev qardaşı akademik Həsən Əliyevin yasında mənimlə saatlarla söhbət etdi, çox tövsiyələr verdi, komandamda olanlar Heydər Əliyevin dediklərini etməyə qoymadılar. Elçibəyin köməkçisi Seyfəddin Əhmədov telefonla Naxçıvanı qoşdu və Heydər Əliyev dəstəyi götürdü. Elçibəy pıçıltı ilə soruşdu ki, qardaş, nə deyim? Dedim de ki, xalqın adından, 91-lər adından sizi Bakıya ən ali siyasi vəzifəyə dəvət edirəm. Elçibəy həmin sözləri Heydər Əliyevə dedi. Heydər Əliyev ondan soruşdu ki, sən əvvəllər belə danışmırdın, sənin yanında kimsə var? Elçibəy “bəli, var, sizinkilərdəndir” dedi. Dedi bilirəm bizimkilərdəndir, konkret kimdir? Elçibəy cavab verdi ki, professor Əsədulla Qurbanovdur. Sonra Heydər Əliyev Elçibəyə mənimlə danışmaq istədiyini bildirdi, biz salamlaşdıq, mən ona baş verənlərlə, görülən işlərlə bağlı məruzə etdim. Sonra məndən “buna (Əbülfəz Elçibəyi nəzərdə tuturdu - Ə.Q.) inanmaq olarmı?” - deyə soruşdu. Dedim indi olar, çünki səhvlərini başa düşüb. Sonra Elçibəyə dedi ki, sabah gəlirəm (yəni iyunun 8-i - Ə.Q.). Dediyi vaxt gəldi Bakıya və iyunun 13-ü Gəncəyə getdi. İyunun 15-i Ali Sovetin sədri seçildi. Bu çox böyük tarixdir.
Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı kimi dövlətçiliyimizi qurdu. Bu dövlət, dövlətçilik Heydər Əliyevin xalqımıza bəxş etdiyi tükənməz sərvətdir.
Heydər Əliyev Prezident seçildikdən sonra elmə, təhsilə xüsusi diqqət yetirdi, 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitetinə də böyük töhfələr bəxş etdi.
İradə SARIYEVA