Rusiyanın Müdafiə naziri Sergey Şoyqu MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ümumi hərbi tarixini təzədən yazmağa, Böyük Vətən Müharibəsi hadisələrini təhrif etməyə çalışanlara qarşı durmağa çağırıb: “Əlbəttə, bu tarixi təzədən yazmaq, xüsusilə qalibləri məğlub, məğlubları isə qalib etmək üzrə istənilən cəhdlərə qarşı durmaq üçün əlimizdən gələni etmək lazımdır”.
Nazir qeyd edib ki, bu “ölkəmiz üçün böyük, ağır müharibə dövründə törədilən cinayətlərə də aiddir”. “Bu gün bir tərəfdən tarixi yenidən yazmaq istəyən, digər tərəfdən isə qaliblərin heç bir vəchlə qəhrəman olmalarını istəməyən şəxslərin sayı artır”, - Şoyqu qeyd edib.
RF-nin Müdafiə naziri bildirib ki, bu cür saxtalaşdırmalara qarşı durmaq lazımdır. Rusiya tərəfindən Böyük Qələbənin 75 illiyi münasibətilə bayram tədbirlərində iştirak məqsədilə MDB ölkələrinin müdafiə nazirlərinin ünvanına dəvətlər təqdim olunub. Şoyqu “əvvəlki kimi, bu tədbirdə azərbaycanlı hərbi qulluqçuların da fəal iştirak edəcəyinə” ümidvar oduğunu bildirib.
Qeyd edək ki, MDB ölkələrinin Aşqabad zirvəsində İlham Əliyev Ermənistanı faşizmi dəstəkləməkdə günahlandırıb. Konkret faktlara əsaslanaraq bildirib ki, Ermənistan faşizmi dəstəkləyən canilərə heykəl ucaldır.
İlham Əliyev Bakıda nümayəndə heyətini qəbul edərkən yenidən bu məsələyə toxunub və bildirib ki, Aşqabadda Ermənistanın faşizmi dəstəklədiyinə dair konkret faktlar təqdim etsə də, hələ də Qaregin Njdeyə qoyulan abidə götürülməyib. Faktiki olaraq, Rusiya Müdafiə naziri də son bəyanatı ilə İlham Əliyevə dəstək verib.
Zamin Axundov: “Ya Ermənistan rəhbərliyi faşistdən imtina addımı atmalı, ya da faşist mahiyyətli ölkə olduğunu rəsmən etiraf etməlidir”
Politoloq Zamin Axundov qəzetimizə bildirdi ki, Şoyqunun məlum bəynatı ilə İlham Əliyevin səsləndirdiyi fikirlər arasında sıx əlaqə var: “ Şoyqunun “məğlubları isə qalib etmək üzrə istənilən cəhdlərə qarşı durmaq üçün əlimizdən gələni etmək lazımdır” fikrində bu detal izah olunur. Məğlubları qalib edən Ermənistandır. Onlar faşizmin tərəfində döyüşən Njdeyə heykəl ucaldır və bununla da həm tarixi saxtalaşdırır, həm də müharibədə məğlub olanların adını əbədiləşdirirlər. Bu fakt Şoyqunun fikirlərinə tam cavabdır. MDB ölkələri arasında Ermənistandan başqa, faşizmə dəstək verən ikinci dövlət yoxdur. Yaxşı olardı ki, Şoyqu və Böyük Vətən Müharibəsində əməyi olan digər MDB ölkələri Ermənistandan konkret izahat istəsinlər. Qəti şəkildə həmin heykəlin sökülməsini tələb etsinlər. Yəni bəyanatla kifayətlənmək olmaz. Ermənistanın qarşısında bu fakt konkret qoyulmalıdır. Ermənistan bu məsələdə də ikibaşlı oyun oynayır. Həm MDB ölkəsi kimi, faşizm üzərində qələbəni alqışlayır, həm də Njdeyə heykəl ucaldır, onu öz dövlətinin ideoloqu kimi təqdim edir. İlham Əliyev bu faktın üzərinə bir daha gəlib və Ermənistanda faşist cəllad Ter-Arutyunyanın qəhrəman səviyyəsinə qaldırıldığını vurğulayıb. Bu gün Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Ya Ermənistan rəhbərliyi faşistdən imtina addımı atmalı, ya da faşist mahiyyətli ölkə olduğunu rəsmən etiraf etməlidir. Bunun başqa yolu yoxdur”.
Məhəmmədəli QƏRİBLİ