"Milli Şura"nın sədri Cəmil Həsənli müxalifətin 2 noyabra təyin etdiyi mitinqin təxirə salınmasını təklif edib.
“Trend”in məlumatına görə, bu barədə Cəmil Həsənli öz "facebook" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək".
Müsavatçılar "Milli Şura"nın (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini dəstəkləyirlər. “Trend”in məlumatına görə, Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım kimi dəyərləndirib.
Y.Sadıqlı qeyd edib: “Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi” idman klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.