Ermənilər qondarma “Artsax Respublikası”nı tanıtmaq üçün dəridən-qabıqdan çıxırlar. Vaxtaşırı olaraq müxtəlif ölkələrdə “Artsax” adı ilə təmsil olunmağa çalışırlar.
Yayılan məlumatlara görə, “Artsax” adlandırılan mahnı və rəqs ansamblının Krımda konserti olacaq. Noyabrın 2-də keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin satışda olması ilə bağlı Ermənistan mətbuatında məlumat yer alıb.
Bundan başqa, son zamanlar ermənilər “Artsax”ın “müstəqillik günü”nü də hər il qeyd edirlər. Hətta qondarma “respublika”nın “müstəqillik günü” ABŞ-da erməni icması tərəfindən də keçirilir.
“Artsax” mahnı və rəqs ansamblının Krımda verəcəyi konsert və “müstəqillik günü”nün ABŞ-da qeyd edilməsi kəskin reaksiyalar doğurur. “Artsax”ın adından çıxış edən ermənilər bu epizodik olaylardan sui-istifadə edərək bunu guya iki super dövlətin “Artsax”a dəstək verməsi kimi təbliğ edirlər. “Artsaxn “müstəqilliyinin” ildönümlərinin ABŞ-da rəsmi dövlət səviyyəsində qeyd edilmədiyini deyən ekspertlərin fikrincə, “Artsax”ın adı ilə baş tutan istənilən tədbir erməni icmasının, erməni lobbisinin, eləcə də Rusiya və ABŞ-dakı ermənipərəst qüvvələrin dəstəyilə həyata keçirilir.
Məhərrəm Zülfüqarlı: “...ABŞ və Rusiyanın “Artsax”ın “müstəqilliyini” tanımasına dəlalət etmir”
Tanınmış siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, “Artsax” mahnı və rəqs ansamblının Krımda konsertinin təşkil edilməsi əsasən buradakı erməni lobbisinin və bəzi ermənipərəstlərin işidir. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, ermənilər “Artsax”ı “müstəqil respublika” kimi tanıtmaq üçün cilddən-cildə girirlər. “Bilirsiniz, Krımda “Artsax” mahnı və rəqs ansamblının konsertinin təşkil edilməsində Rusiya dövlətinin rolu inandırıcı görünmür, bu konserti bəzi ermənipərəst qüvvələr təşkil ediblər, təbii ki, burada erməni lobbisinin də əli var. Hesab edirəm ki, həm Krımda “Artsax” ansamblının konsertinin təşkil edilməsi, həm də “Artsaxın müstəqillik günü”nün qeyd edilməsi ABŞ və Rusiyanın “Artsax”ın “müstəqilliyini” tanımasına dəlalət etmir. Hər iki super dövlət Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə çalışdıqlarını bəyan edirlər. Erməni lobbisi və Ermənistan bu qondarma tədbirləri erməni icmasının əli ilə təşkil edərək və bura ermənipərəst qüvvələri cəlb edərək, belə rəy yaratmaq istəyirlər ki, guya dünyanın iki super dövləti bunları dəstəkləyir, “Artsax”ın “müstəqilliyini” tanıyır. Belə deyil. Bu günə kimi nə Rusiya, nə ABŞ “Artsax”ın “müstəqilliyini” tanımayıb, heç Ermənistan parlamenti özü də bu addımı atmayıb. “Artsax” adından xaricə gedənlər Ermənistan pasportu ilə gedirlər. Yəni onlar “Artsax”ın vətəndaşları kimi gedə bilmirlər, Ermənistan pasportundan istifadə edirlər”.
Faiq Ələkbərli: “Ermənilər bu tədbirləri keçirərkən dünyanın iki super dövlətinin - ABŞ və Rusiyanın adından sui-istifadə edirlər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, ermənilərin əsas məqsədi qondarma “Artsax”ın “müstəqilliyinin” tanıdılmasına nail olmaqdır. F.Ələkbərlinin sözlərinə görə, nə qədər ki, Azərbaycan xalqı və dövləti öz torpaqlarını işğaldan azad etməyib, ermənilər qondarma “respublika”nın adının daha çox ölkədə eşidilməsi üçün təbliğatlarını davam etdirəcəklər. “Qondarma “Artsax”ın təmsilçilərinin bu cür həyasızlaşmasına, öz çirkin niyyətlərini, yalançı təbliğatlarını həyata keçirmələri üçün atdıqları istənilən addıma kəskin reaksiya verilməlidir. Nə qədər ki, Azərbaycan dövləti öz torpaqlarının işğaldan azad edilməsinə nail olmayıb, bir o qədər ermənilər azğınlaşacaq. Qondarma “Artsax”ın eyni adlı musiqi qrupu Krımda konsert verməyə hazırlaşır, yaxud erməni icması ABŞ-da “Artsaxın müstəqillik günü”nü qeyd edir, bütün bunlar erməni həyasızlığının nəticəsidir. Onlar bu addımı, əslində, “Artsax”ın de-yure tanınmasına nail olmaq üçün atırlar. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yaratdıqları qondarma “respublika”nı beynəlxalq ictimaiyyətdə tanıtmaq istəyirlər. Şübhəsiz ki, ermənilər bu tədbirləri keçirərkən dünyanın iki super dövlətinin, ABŞ və Rusiyanın adından sui-istifadə edirlər. Ermənilər Krımda “Artsax” ansamblının konsertini təşkil etməklə, erməni icması tərəfindən ABŞ-da “müstəqilik bayramı”nı qeyd etməklə, dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər. Qondarma “respublika”nın “təşkilatlarının” bu şəkildə tədbirlər keçirməsi və bu tədbirlərin keçirilməsinə guya Rusiyanın, eləcə də ABŞ-ın dəstək verməsini göstərməsi böyük saxtakarlıqdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin əlaqədar qurumları, eləcə də parlamentlərarası dostluq qruplarının təmsilçiləri bu məsələlərə sərt reaksiyasını bildirməli və Azərbaycan həmin dövlətlərə nota verməlidir. Biz bu məsələdə daha kəskin mövqe tutmalıyıq”.
İradə SARIYEVA