Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul edib. Sözügedən qərar tamamilə ədalətsiz və qərəzlidir. Çünki bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.
Məsələ ondadır ki, Türkiyə “Sülh bulağı” əməliyyatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu. Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəsizliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi.
ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı təkcə Türkiyəyə qarşı yönələn bir qərar deyil. Bu, bütövlükdə, bütün Türk dünyasına qarşı olan bir qərardır. Ona görə də bütün türkdilli dövlətlər birlikdə buna etirazını bildirməlidir. Azərbaycan həmişə Türkiyənin yanında olduğu üçün, buna öz rəsmi etirazını bildirib. Ancaq yaxşı olardı ki, türkdilli dövlətlərin bununla bağlı fövqəladə toplantısı keçirilsin və buna birgə etiraz edilsin. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərar verdi. Buna etiraz əlaməti olaraq İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Zirvə toplantısı keçirildi. İƏT ölkələri yekdilliklə ABŞ-ın qərarını pislədilər. Bu baxımdan, türkdilli dövlətlərin də qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnaməyə etiraz əlaməti olaraq fövqəladə toplantı keçirməsinə ekspertlər necə yanaşırlar?
“Çünki bu, bütövlükdə, Türk dünyasına qarşı yönələn bir addımdır”
Məsələyə münasibət bildirən ekspert Azər Həsrətin sözlərinə görə, bununla bağlı türkdilli dövlətlərin fövqəladə toplantı keçirməsinə ehtiyac var: “Belə bir toplantının keçirilməsi çox faydalı olardı. Çünki ABŞ Türkiyəyə və bütövlükdə, Türk dünyasına qarşı bu cür ədalətsizliyə yol verib. Bu, bütövlükdə, Türk dünyasına qarşı yönələn bir addımdır. Ermənilər hər zaman türkə düşmən kimi baxırlar. Sözügedən bədnam qətnamə ermənilərin həyasızlığını daha da artıracaq. Həmin sənədin qəbul edilməsində yəhudi lobbisinin də adı hallanır. Yəni onların dəstəyilə bunun mümkün olduğunu deyirlər. Hesab edirəm ki, bu çox təəssüfləndirici haldır. Bütün hallarda, türk dövlətləri bu məsələyə birmənalı münasibət bildirməlidirlər. Bu baxımdan, türkdilli dövlətlərin fövqəladə toplantısı keçirilməlidir. Azərbaycan dövləti bu kimi məsələlərdə həmişə Türkiyənin yanında olub. Bu dəfə də eyni yanaşmanı sərgiləyib və rəsmi olaraq bu qərarı pisləyib. Yaxşı olardı ki, digər türk dövlətləri də bənzər yanaşma ortaya qoysunlar. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələr də buna etiraz etməlidirlər. İƏT-də təmsil olunan ölkələr bir araya gəlib buna etiraz etməlidirlər. Ən azından, Türkiyə müsəlman aləminin önündə gedən ölkələrdən biridir. İslam ölkələri ilə bağlı ən çətin anlarda Türkiyə ortaya mövqe qoyub. Ona görə də müsəlman ölkələri hamılıqla bu məsələdə ABŞ-a etiraz etməlidirlər. Türk dövlətləri ilə yanaşı, bütün müsəlman ölkələri də Türkiyə ilə həmrəy olmalıdırlar”.
Vidadi ORDAHALLI