İsrailin Azərbaycandakı Səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Səfirliyin fəaliyyətini dayandırmasının səbəbi maliyyə problemi ilə əlaqədardır: “İsrail Maliyyə Nazirliyinin 2019-cu il iyulun 21-də baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”.
Qeyd olunub ki, səfirlik konsul xidmətləri göstərməyəcək, ziyarətlər üçün bağlanacaq: “İsrail diplomatları hər zaman ölkənin gücünü və dayanıqlığını artırmaq üçün səy göstərməyə çalışıblar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”.
Azərbaycanın çox yaxın strateji tərəfdaşı olan İsrail Azərbaycandakı Səfirliyini bağlamasının səbəbini maliyyə problemi ilə izah edir. İsrail kimi zəngin bir ölkənin onun üçün olduqca əhəmiyyətli sayılan bir ölkədə diplomatik missiyasına son verməsini maliyyə çətinliyi ilə əsaslandırması inandırıcı görünmür. Maraqlıdır ki, konsulluq fəaliyyətinə də son veriləcəyi bildirilir. İsraillə Azərbaycanı çox sıx tellər bağlayır. Həmin ölkədə çoxlu sayda Azərbaycanda doğulub, boya-başa çatan yəhudilər yaşayır və onlar özlərini Azərbaycan diasporunun bir parçası sayırlar. Bu vəziyyət onlarla əlaqələrin qurulmasına da mənfi təsirini göstərəcək. İsrailin belə addım atmağının gercək səbəbi nə ilə bağlıdır? Bu sualla sosial şəbəkə istifadəçilərinə müraciət etdik və maraqlı cavablar aldıq.
Jurnalist Günay Arda bu suala yazdığı şərhdə bildirib ki, hadisə bizim ölkəmizlə bağlı deyil: “Maliyyə tərəfi də təbii ki, inandırıcı deyil. İsrail dövlətinin daxilində böhran yaşanır. Kənar təsirlərdən mühafizə üçün tədbirdir”.
Politoloq Məhəmməd Əsədullazadənin isə məsələyə mövqeyi belə olub: “69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik qeyri-müəyyən müddətə bağlanıb. Xüsusilə İsrailin Terrorla Mübarizə Şöbəsi Türkiyə, Gürcüstan və Azərbaycanı terror risqli ölkələr siyahısına salıb. Və bu üç ölkədə səfirliyi bağlayıb. Hazırda İsraildə hökumət böhranı var. Maliyyə məsələlərində də problemlər var. Diplomatlar maliyyə azlığını səbəb gətirirlər. Belə hallar olub. Səfirliklərin işini dayandırmasında terror risqləri də var. İsrail məxfi əməliyyatlar keçirir. Ona görə də çalışır ki, təhlükəsizlik səbəblərini üst səviyyədə saxlasın”.
Jurnalist Elgün Mənsimov da hesab edir ki, fəaliyyət müvəqqəti dayandırılıb: “Bunun Azərbaycan-İsrail münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Güman ki, yaxında bərpa ediləcək. Həm də təkcə Azərbaycanda bağlanmayıb ki. İsrailin bütün ölkələrdəki səfirlikləri müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bu da İsrailin Xarici İşlər Nazirliyi ilə Maliyyə Nazirliyi arasındakı qarşıdurmanın səbəb olduğu tətillə əlaqədardır”.
Fəal “Facebook” istifadəçisi Elçin Əfəndinin isə məsələyə mövqeyi aşağıdakı şəkildə olub: “Bu təkcə bizim ölkə ilə bağlı deyil. İsrail dünyanın 69 ölkəsində olan səfirini və konsulluğunu geri çağırıb. Yeni Baş nazir köhnəni korrupsiya faktında günahlandırır. Netanyahu ilə bağlı araşdırmalar burada əsasdır. Maliyyə məsələsi ilə bağlı sıxıntı var. Bu, inandırıcı görünmür, amma korrupsiya faktına görə səfirlərin geri çağırılıb yoxlama aparılması və s. kimi məsələləri düşünəndə həqiqətə yaxınlıq hiss olunur. Bütün bunları bildikdə isə bu prosesin bizim ölkə ilə bağlılığı olmadığı faktı gün kimi aydın olur”.
Politoloq Qabil Hüseynli isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İsrailin izahını səmimi qəbul etmir: “Ola bilər ki, bir neçə ölkə ilə bağlı belə bir qərar qəbul olunub. Ancaq bizi maraqlandıran Azərbaycandır. Bilirik ki, İsrail üçün Azərbaycanın önəmi ABŞ-dan da böyükdür. Zəngin bir ölkənin maliyyə probleminə görə belə addım atması inandırıcı deyil. Bu o anlama gəlir ki, İsrail Azərbaycanla fərqli müstəvidə davrana bilər. Türkiyəyə qarşı edilən hərəkətlərin bizə tətbiq olunması mümkündür. Düzdür, bunu bir qədər üstüörtülü formada etməyə başlayıblar. Səfirliyin bağlanmasını İsrailin siyasi kursunun dəyişməsi kimi anlaya bilərik. Bundan təəssüflənirəm və İsrailin bu siyasətini pisləyirəm”.
Məhəmmədəli QƏRİBLİ