Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.
Ölkə başçısının sözlərinə görə, bu, çox böyük hadisədir və bizim böyük qələbəmizdir: “Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər. Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın Vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi, əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir”.
Prezident İlham Əliyevin fikrincə, bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi: “Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz, əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var”.
Bütövlükdə, Bakının 4 şəhər arasında 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanması nə deməkdir? Bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Dörd şəhər arasında Bakının seçilməsi böyük uğurdur”
Məsələyə münasibət bildirən professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, belə bir tədbirə Azərbaycanın evsahibliyi etmək hüququ əldə etməsi çox böyük hadisədir: “Bu onu göstərir ki, Azərbaycan kosmik ölkələr sırasındadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın süni peykləri orbitdə fırlanır. Həmin peyklər Azərbaycanla yanaşı, digər ölkələrə də xidmət edir. Bununla bağlı bizim ayrıca dövlət qurumu da var. Bütün bunlar onu göstərir ki, Azərbaycan belə konfranslara evsahibliyi etməyə iddialıdır. Dörd şəhər arasında Bakının seçilməsi böyük uğurdur. Bu onu göstərir ki, Azərbaycanın buna imkanı da var, mütəxəssisləri də. Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək bizə nə verəcək? Bu, Azərbaycanın beynəlxalq imicinin artmasına kömək edəcək. Ölkəmizin dünyada daha yaxşı tanınmasına xidmət edəcək. Kosmosdan sülh məqsədləri üçün istifadə edən dövlət kimi tanınmasına xidmət edəcək. Bu da hamımızı sevindirir. Çünki bütün bunlar Azərbaycanın uğurudur”.
Vidadi ORDAHALLI