Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası işə başlayıb.
Tədbirdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.
İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyət ilə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.
Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlərin də müzakirə olunduğu bildirilir.
Maraqlıdır ki, Ermənistanın Müdafiə naziri David Tonoyan tədbirdə iştirak etməkdən imtina edib. Tədbirin gündəliyindən də görünür ki, burada Dağlıq Qarabağ məsələsinə aid nəsə müzakirə olunmayacaq. Eyni zamanda, bu cür tədbirlə bağlı Tonoyanın hər hansı bir təhlükəsizlik problemi də ola bilməz. Onda isə Tonoyanın Bakıya gəlməkdən imtinası hansı məqsədlə ola bilər?
“...ona lazım olan yerini göstərsinlər”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakıda MDB ölkələri müdafiə nazirlərinin iştirakı ilə geniş tədbir keçirilməsi təqdirəlayiqdir və ölkəmizə olan etibarın növbəti göstəricisidir: “Tədbirdə bütün üzv ölkələrin müdafiə nazirləri iştirak etsə də, Ermənistanın Müdafiə naziri iştirak etməkdən boyun qaçırıb. Daha əvvəllər Bakıda analoji tədbirlər keçiriləndə Ermənistanın rəsmiləri tədbirlərə qatılırdılar. David Tonoyanın iştirak etməməsi Ermənistanın yeni aqressiv yanaşmasını ortaya qoyur. Sübut olunur ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, Ermənistan heç bir rəsmisinin Azərbaycana gəlməsini arzulamır. Bu onların Azərbaycanla münasibətləri gərginləşdirməkdə necə maraqlı olduqlarının bir nümunəsidir. Bununla onlar Müdafiə nazirinin təhlükəsizliyi ilə bağlı məsələni gündəmə gətirmək istəyirlər. Ancaq bu, ucuz bir piardır. Çünki Azərbaycanda dəfələrlə erməni rəsmilərinin iştirak etdiyi tədbirlər olub və onların heç birində analoji hadisə yaşanmayıb. Bu, bir daha sübut edir ki, Ermənistan heç bir konstruktivliyə meylli deyil. Əksinə, münasibətlərin gərginləşməsinə xidmət edən addımlar atır. Əslində, bununla Ermənistan ən böyük hörmətsizliyi elə MDB ölkələrinə edib. Yaxşı olardı ki, Tonoyanın bu hərəkətinə digər MDB ölkələri obyektiv münasibət bildirib ona lazım olan yerini göstərsinlər. Çünki bu, Ermənistanın beynəlxalq təşkilatlara etdiyi ilk hörmətsizliyi deyil. Yadınızdadırsa, bundan əvvəl analoji addımı KTMT-yə qarşı atdılar. Oranın dönəm sədrini tutub türməyə saldılar. Ciddi reaksiya verilməlidir ki, Ermənistan bu tip hörmətsiz addımlarına son qoysun”.
Məhəmmədəli QƏRİBLİ