ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiya layihəsini qəbul etməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sahib olduğu mülkiyyətin araşdırılacağı açıqlanıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata əsasən, yeni qərar Ərdoğan və ailəsinin malik olduğu mülkiyyət, biznes əlaqələrinin araşdırılması və bu barədə hesabatın hazırlanmasını ehtiva edir. ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması və Suriyada antiterror əməliyyatları həyata keçirməsinə görə Türkiyəyə sanksiya layihəsini qəbul edib.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nümayəndələr Palatasının qondarma “soyqırım”la bağlı qərarına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ-da erməni terrorunu unudublar və Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edirlər: “ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə ABŞ siyasəti üçün ayıbıdr”.
Türkiyə Prezidenti xəbərdarlıq edərək deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlində partlayacaq.
ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarı nə qədər utancvericidirsə, Ərdoğan və ailəsinin malik olduğu mülkiyyət barədə araşdırmaların aparılması ilə bağlı qərar da yanlışdır. Bir növ, ABŞ konqresmenləri Ərdoğan ailəsi ilə şəxsi davaya başlayıblar.
O baxımdan ABŞ Konqresinin Ərdoğanla bağlı qərarını ekspertlər necə dəyərləndirirlər?
“İstənilən halda, Konqresin bu yöndə qərarları ədalətsizdir və reallığa söykənməyən addımlardır”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ Konqresi belə qərarlar qəbul etməklə çox yanlış addım atdı: “Nümayəndələr Palatasının birinci qərarı qondarma “erməni soyqırımı” ilə bağlıdır. İkinci qərar isə Türkiyəyə qarşı “Sülh çeşməsi” əməliyyatını keçirməsi ilə bağlıdır. Həmin qərarda sərt sanksiyaların tətbiq olunması nəzərdə tutulub. Bu sanksiyalar paketində Ərdoğan və ailəsinin malik olduğu mülkiyyət, biznes əlaqələrinin araşdırılması, bununla bağlı hesabatın hazırlanması nəzərdə tutulub. Burada söhbət təkcə Türkiyə Prezidentindən getmir. Bir sıra nazirlər də bura daxil edilib. İstənilən halda, Konqresin bu yöndə qərarları ədalətsizdir və reallığa söykənməyən addımlardır. Ona görə də bunu qəti şəkildə pisləyirəm. Bununla yanaşı, onu da qeyd edim ki, sözügedən qərarlar Senatda qəbul olunandan, Prezident tərəfindən imzalanandan sonra hüquqi status alacaq. Deməyim odur ki, Nümayəndələr Palatasının qəbul etdiyi qərarlar hüquqi statusa malik deyil. Bundan sonra da ABŞ Prezidentinin belə qərarlara veto qoymaq hüququ var. Bu qərarlar Türkiyəyə qarşı bir təzyiq alətidir. Bununla Türkiyənin regionda artan gücünü önləmək istəyirlər”.
Vidadi ORDAHALLI