Əli Kərimli Avroittifaq səfirini pis vəziyyətdə qoydu - ya AXCP sədri yalan danışır, ya da səfir izahat vermək zorundadır...

Məlum olduğu kimi, Bakıda qanunsuz aksiya keçirməyə cəhd edən AXCP və “Milli Şura” noyabrın 2-də yenidən mitinq keçirmək qərarı verib. Yenə də şəhərin mərkəzindəki meydanları tələb edirlər. Artıq hökumət radikalların bu istəyinə dair rəsmi mövqeyini açıqlayıb.
Son nəticə bundan ibarətdir ki, müxalifətə aksiyanı Lökbatanda keçirmək təklif edilir. Ancaq o da məlumdur ki, radikallar hakimiyyətin bundan əvvəl təqdim etdiyi marşrurtları bəyənməyib, yalnız şəhərin mərkəzini tələb edir və istədiyi məkanda aksiya keçirməyə cəhd edirlər. Təbii ki, bu cür qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Polis də qanunauyğun şəkildə davranıb, asayişin qorunması istiqamətində addımlar atıb.
Maraqlıdır ki, qanunsuz aksiyaların əsas təşkilatçısı olan Əli Kərimli özünün “Facebook” səhifəsində paylaşdığı məlumatda Avropa Birliyini də bu məsələyə qatmaq istəyib: “Bu gün Avropa Birliyinin Azərbaycandakı səfiri Kestutis Yankauskas ilə görüşümüz oldu. 19 oktyabr mitinqi zamanı baş verənləri ətraflı müzakirə etdik. Səfir AB-nin 19 oktyabr gecəsi açıqladığı rəsmi mövqeyi bir daha vurğuladı. Avropa Birliyi toplaşmaq azadlığını fundamental insan hüquqlarından biri sayır və gözləyir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə bu hüququn tam tətbiq olunmasını təmin edəcək. AB hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. AB, həmçinin, hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır”.
Əli Kərimlinin paylaşdığı məlumatdan iki nəticəni hasil etmək mümkündür. Belə bir görüşün baş tutması tam mümkündür və buna kimsə şübhə etmir. Ancaq görüşdə aparılan müzakirələr həqiqətən Ə.Kərimlinin təsvir etdiyi kimi olub? Əgər səfir, həqiqətən, Ə.Kərimlinin dediyi kimi, yalnız aksiyanın dağıdılması və iştirakçıların saxlanması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatların araşdırılmasını Azərbaycan tərəfindən tələb edirsə, bu, obyektiv mövqe sayıla bilməz. Diqqət edək, Ə.Kərimli iddia edir ki, AB-nin səfiri aksiyaların təşkilindəki qanunsuz davranışları deyil, yalnız polisin davranışlarının araşdırılmasını istəyib. Son nəticə budur ki, ya Ə.Kərimli diplomatın fikirlərini təhrif edir, yox, səfir belə mövqe ifadə edibsə, onda mütləq bu məsələyə izahat verməlidir. Səfirin yalnız belə mövqedən çıxış etdiyi inandırıcı sayıla bilərmi?
- “Əminəm ki, onun bu fikirləri ilə bağlı Avropa Birliyinin təkzibi olacaq”
Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ə.Kərimlinin ifadə etdiyi mövqe ilə tanışdır: “Düzü, buna təəccüb etdim. Avropa Birliyinin Bakı ofisinin rəhbərinin Ə.Kərimli ilə görüşü mitinqlərlə bağlı olmayıb. Ola bilər ki, görüşün məhz bu ərəfəyə düşməsindən Ə.Kərimli manipulyasiya edir. Avropa Birliyi Azərbaycanda olan bütün müxalif partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə mütəmadi görüşür. Bu, ümumi bir praktikadır. AB ofisi təmsil olunduğu bütün ölkələrdə bu praktikadan istifadə edir. Düşünürəm ki, Ə.Kərimli AB-nin səfirinin fikirlərini təhrif edir. Çünki AB mitinqlərlə bağlı heç bir monitorinq aparmayıb. Bu mandat ona yox, ATƏT-ə aiddir. ATƏT-in də Bakı ofisi fəaliyyət göstərmədiyi üçün, belə bir monitorinq olmayıb. Bu ilk belə hal deyil. Ə.Kərimli dəfələrlə beynəlxalq təşkilatların fikirlərini təhrif edib. Konkret faktlarla deyə bilərəm ki, belə hallar 2011, 2012, 2013, 2015, 2018-ci illərdə baş verib. Ona və partiyasına Qərbdən olan neqativ münasibətin kökündə məhz bu amil durur. Ə.Kərimlinin belə bir açıqlama ilə çıxış etməsinin bir məqsədi də bundan ibarətdir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyo Klaar Bakıdadır. Onun diqqətini özünə çəkmək istəyir. Dərin fikirləşəndə məlum olur ki, Ə.Kərimli və “Milli Şura” Azərbaycanın Avropa ilə yaxınlaşmasının qarşısını almaq istəyir. Əminəm ki, onun bu fikirləri ilə bağlı Avropa Birliyinin təkzibi olacaq. O, AB-ni daxili proseslərə cəlb etmək istəyir, bu isə onların mandatına aid olmayan məsələdir”.
Məhəmmədəli QƏRİBLİ