Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. Erməni mediasının yaydığı məlumata görə, nazirlər öncə təkbətək görüş keçiriblər. Daha sonra nümayəndə heyətinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
D.Tonoyan müdafiə sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. Eyni zamanda, hərbi-texniki sferada proqramların səmərəliliyini təqdir edib.
S.Şoyqu isə Ermənistana rəsmi səfərinin Gümrüdən başladığını vurğulayıb. O bildirib ki, yerli əhali Rusiya hərbi bazasının şəxsi heyətinə dost münasibət bəsləyir. Rusiyalı nazir hər iki tərəfin münasibətinin strateji xarakter daşıdığından, birgə döyüş hazırlığının əhəmiyyətindən də söz açıb. Nazir əməliyyat planlaşdırılmasının, hərbi təhsilin və baza heyətinin döyüş hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayıb: “Biz əməkdaşlığımızı intensiv şəkildə davam etdirməyi planlaşdırırıq. Bu məqsədlə 60-dan çox birgə tədbirin daxil olduğu 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsi hazırlanıb”.
Görüş çərçivəsində, həmçinin, iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf yolları barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb.
Bütövlükdə, Ermənistanla Rusiya arasında gələn il üçün belə geniş əməkdaşlıq proqramının imzalanması nə deməkdir? Ekspertlər bunu necə dəyərləndirirlər?
“Burada söhbət hərbi müttəfiqlikdən yox, ərazi müttəfiqliyindən gedir”
Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə buna bir neçə kontekstdən yanaşdı: “Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirməklə bu ölkəni özündən asılı vəziyyətə salmaq istəyir. Çünki Ermənistandakı hazırkı rəhbərlik qərbyönümlüdür. Bu səbəbdən Kreml hazırkı hakimiyyətə o qədər də etibar etmir. Burada söhbət təkcə hərbi əməkdaşlıqdan getmir. Ümumiyyətlə, Rusiya Ermənistanı özünə tam bağlamaq istəyir. Təsadüfi deyil ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının gücü və döyüş potensialı təxminən 2 dəfəyə qədər artırılacaq. Rusiya bunu həm də Yaxın Şərqdə gedən proseslərlə əlaqədar edir. Çünki həmin bölgədə vəziyyət tez-tez dəyişir. Rusiya Yaxın Şərq regionunu nəzarət altında saxlamaq üçün Cənubi Qafqazda hərbi bazasını genişləndirir. Cənubi Qafqaz regionunda Rusiyanın ancaq Ermənistanda hərbi bazaları var. Burada söhbət hərbi müttəfiqlikdən yox, ərazi müttəfiqliyindən gedir. Yəni Ermənistanın ərazisindən istifadə edib Yaxın Şərqdə gedən proseslərə necəsə təsir etsin. Ermənistan isə Rusiya ilə hərbi əməkdaşlığı Azərbaycana görə genişləndirir. Guya Azərbaycan onlar üçün təhdid mənbəyidir. Əslində, Azərbaycanın Ermənistana yönəlik heç bir ərazi iddiası yoxdur. Azərbaycan, sadəcə, işğal altında olan ərazilərini azad etmək istəyir”.
Vidadi ORDAHALLI