Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsində bir sıra maraqlı etiraflar etmək məcburiyyətində qalıb.
Rusiyaya doğru ciddi reveransların edildiyi, hətta bəzi məqamlarda Moskvanın şantaj olunduğu müsahibədə Paşinyanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq ehtimalına verdiyi cavab da diqqət çəkib. Bu xüsusda Paşinyan Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağına əminliyini ifadə edib. Ancaq birdən-birə Paşinyan Özbəkistandan olan narazılığını dilə gətirib. Deyib ki, 30 il ərzində Ermənistan və Özbəkistan rəsmiləri arasında bir görüş belə olmayıb. Paşinyan, faktiki olaraq, Özbəkistanın Ermənistanla heç bir diplomatik münasibətlər qurmadığının səbəblərinə aydınlıq gətirməyib. Bəzi ekspertlər hesab edirlər ki, bunun səbəbi aydındır.Özbəkistanın mərhum dövlət başçısı İslam Kərimov Azərbaycan torpaqlarının işğalını qəbul etmirdi. Paşinyan bildirib ki, Özbəkistanın yeni Prezidenti ilə MDB dövlət başçılarının Aşqabad sammiti çərçivəsində görüşüb. Bu görüşdə qarşılıqlı səfərlər razılaşdırılıb. Maraqlıdır ki, Türk Şurasının Bakıdakı toplantısında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu baxımdan da maraqlıdır, Özbəkistanın indiyə kimi tutduğu antierməni mövqeyi nə ilə izah oluna bilər və yeni Prezident İslam Kərimovun bu istiqamətdəki mövqeyini davam etdirəcəkmi?
“İnanırıq ki, indiki Prezident Şavkat Mirziyoyev də öz sələfinin tutduğu yolu davam etdirəcək”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İslam Kərimovun zamanında olan bu proses hələ də davam edir: “İslam Kərimov nə qədər birmənalı qarşılanmayan fiqur olsa da, onun Ermənistanla bağlı tutduğu mövqe sərt və korrekt olub. Çox maraqlı olan bilirsiniz nədir? Bu məsələ niyə indiyə qədər Azərbaycanda geniş təbliğ edilməyib? Düzdür, bunu çox az sayda adam bilib, amma ideoloji mübarizənin də aparıldığı bir vaxtda Özbəkistanın belə mövqeyi cəmiyyətə geniş aşılanmalıydı. Niyə biz Paşinyanın açıqlamasından sonra bu məsələyə diqqət yönəltməyə başladıq? Burada bizim hər birimizin təqsiri var. Mən konkret günahkar axtarmaq fikrindən uzağam. Çünki qardaş bir ölkənin bizə etdiyi bu jestin təbliğini kimsə qadağan etməyib. Birmənalı olaraq qeyd edirəm ki, Özbəkistanın Ermənistanla belə soyuq olmasının kökündə Dağlıq Qarabağ problemi və ondan doğan nəticələr durub. İslam Kərimovun bir millətçi damarı olub. Məhz onun prezidentliyi dönəmində Əmir Teymura Daşkəndin mərkəzində böyük bir heykəl qoyuldu. Bununla o, özbək türk dövlətçiliyinin məhz Əmir Teymura söykəndiyini demək istəmişdi. Ancaq görürsünüz, biz hələ də Məhəmməd şah Qacara, Nadir şaha sahib çıxmaqdan sanki çəkinirik. Bu baxımdan da Emənistana qarşı bəslənən sərt münasibətin kökündə milli və dini təəssübkeşlik amilinin dayandığına şübhə qalmır. Düzdür, onun Əndircan hadisələrindən sonra Türkiyə ilə münasibətləri kəskinləşdi. Ancaq biz gördük ki, onun Azərbaycanla münasibətləri çox səmimi olub. Türkmənistan, Qırğızıstanın tutmadığı mövqeyi o tuturdu. Biz bunu təqdir edib, geniş təbliğ etməliyik ki, digər türkdilli ölkələr üçün də örnək olsun. Niyə biz Qərb və İsraildən olunan balaca bir jesti şişirdirik, ancaq bu qədər böyüklüyündə olan məsələnin üstündən sükutla keçirik? İnanırıq ki, indiki Prezident Ş.Mirziyoyev də öz sələfinin tutduğu yolu davam etdirəcək. Çünki onun da addımlarında kökə bağlılıq nəzərə çarpır. Hakimiyyətə gələn kimi Türkiyəyə olan kiçik narazılığın aradan qaldırılmasına nail oldu. İnanırıq ki, Azərbaycanla olan münasibətlər də daha yaxşı səviyyəyə qaldırılacaq. Yaxşı olardı ki, digər Orta Asiya respublikaları da öz soyköklərinə uyğun davranış nümayş etdirsinlər”.
Məhəmmədəli QƏRİBLİ