ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib. 405 konqresmen qətnamənin lehinə, cəmi 11 nəfər əleyhinə səs verib. Sənəd Nümayəndələr Palatasına demokrat Adam Şiff tərəfindən təqdim edilib.
Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Tvitter” mikrobloqunda qətnamənin qəbul edilməsini tənqid edib. O, konqresmenlərin qərarını utancverici hesab edib və bunu tarixdən siyasi məqsədlərə çatmaq üçün istifadə etmək cəhdi hesab edib. Qeyd edək ki, eyni gündə ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyanın şimal-şərqində antiterror əməliyyatına görə rəsmi Ankaraya və onun maliyyə sektoruna qarşı sanksiyaların tətbiqini bəyənib.
Türkiyənin Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası tərəfindən rəsmi Ankaraya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulunu da pisləyib.
Bununla bağlı bəyanat Türkiyənin xarici siyasət idarəsinin saytında yayılıb: "Barış pınarı" əməliyyatı ilə əlaqədar ABŞ-ın Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə pisləyirik”.
Bildirilir ki, qanun layihəsi NATO ittifaqının ruhuna uyğun deyil və oktyabrın 17-də ABŞ administrasiyası ilə Suriya üzrə nail olunmuş razılaşmaya ziddir.
ABŞ-ın ənənəvi müttəfiqi olan Türkiyəyə və bütövlükdə, bütün Türk dünyasına qarşı nümayiş etdirdiyi bu qərəzli mövqeyində erməni lobbisinin izi açıq görünür. ABŞ-da güclü olan həmin lobbi daim belə qərarların qəbuluna cəhd etsə də, buna nail ola bilmirdi. Görünür, daim fürsətcil davranan ermənilər bu məsələdə xəbisliklərini həyata keçiriblər. Qəbul edilən hər iki qərar maraqlı zamana təsadüf edir. Suriyada Türkiyənin nümayiş etdirdiyi qətiyyətli mövqe ABŞ-la onun üz-üzə gətirməli oldu, digər tərəfdən isə Bakıdakı icazəsiz küçə mitinqləri ilə bağlı ABŞ-ın mövqeyi ilə Azərbaycanın rəsmi mövqeyi arasında ziddiyyətin olması ermənilərin kəmfürsət davranışı üçün zəmin yaradıb. Bəs ABŞ niyə imkan verdi ki, xarici siyasət kursu erməni lobbisinin girovluğuna düşsün?
“Bir daha sübut olunur ki, ABŞ diplomatiyası ermənilərə rəğbətlə yanaşı, həm də ciddi xristian təəssübkeşliyi nümayiş etdirir”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın qəbul etdiyi bu qərarlar bütün Türk dünyasına qarşı yönəlib: “Nə qədər ki, ABŞ-ın başında Tramp kimi səriştəsiz adam dayanıb, həmin ölkənin erməni, hətta yunan lobbisinin də təsiri altına düşməsi mümkündür. Qəbul edilən qəraraların mahiyyəti onu deməyə əsas verir ki, burada ermənilərin və onların lobbisinin təsiri altında olan konqresmenlərin gərgin əməyi olub. Çünki belə bir qərarın qəbulu onlardan başqa kiməsə lazım ola bilməzdi. Belə cəhdlər daim olub, amma ABŞ Türkiyə ilə olan əlaqələrə görə ermənilərin ağzından vururdu. Görünür, arxadan xəncər sancmaq üçün uyğun zaman tapıblar. Bir əsrdən artıq bir zamanda baş vermiş hadisə ilə bağlı dünən seçilən konqresmen hansı bilgiyə sahib ola bilər ki, həmin hadisəyə də qiymət versin? Buna qiyməti tarixçılər verməlidir, konqresmenlər yox. Bununla yanaşı, eyni gündə Türkiyəyə qarşı sanksiya qərarının da verilməsi olduqca zalım və insafsız münasibətin göstəricisidir. Azərbaycana qarşı da müəyyən addımların atıldığını hiss edirik. Ancaq bununla nəyəsə nail ola bilməzlər. Ürəkləri istəyən qədər bəyanat versinlər, heç nə dəyişən deyil. Buna baxmayaraq, Türkiyə ilə bağlı qəbul olunan qərarları biz haqsız sayırıq və bunu bütün Türk dünyasına olan hörmətsizlik kimi qəbul edirik. Ən maraqlısı isə budur ki, bu cür ədalətsiz qərarları həmsədr ölkə Zəngilanın işğalı günündə qəbul edir. Təsadüf ola bilməz, hərtərəfli şəkildə ermənilərə sürpriz edirlər. Bir daha sübut olunur ki, ABŞ diplomatiyası ermənilərə rəğbətlə yanaşı, həm də ciddi xristian təəssübkeşliyi nümayiş etdirir. Xocalı soyqırımının baş verdiyi məqamdan sonra ABŞ ermənilərin guya soyqırıma məruz qaldıqlarını bəyan edir. Bu cür ikili standartlarla ABŞ uzağa gedə bilməz. Bunlar bir daha göstərir ki, ABŞ-ın ermənilərin təsiri ilə qəbul etdiyi qərarlar heç bir beynəlxalq normaya sığmır”.
Məhəmmədəli QƏRİBLİ