Bir qrup insan son zamanlar Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı ictimaiyyətə təhrif edilmiş məlumatlar verməkdən nə yorulur, nə də bezir. Belələri millət vəkilləri sırasında da az deyil.
Müxtəlif qalmaqallı açıqlamalarla gündəmə gəlməyi şakərinə çevirən deputat Araz Əlizadə indi də Azərbaycanın Dövlət Himninin mətn müəllifi Əhməd Cavada çirkab atmaqla diqqəti cəlb etməyə çalışır. Seçicilərin “problemlərini qaydaya salıb yorulan” A.Əlizadənin indi də böyük Azərbaycan şairi Əhməd Cavada qarşı həqiqətə uyğun olmayan fikirlər irəli sürməsi gülüncdür. O, İTV-də yayımlanan "3D” verilişində qonaq olarkən çıxışında əsassız olaraq iddia edib ki, guya Azərbaycan Dövlət Himninin sözlərini Əhməd Cavad yazmayıb.
O, həmçinin, bildirib ki, Azərbaycan Dövlət Himnini Əhməd Oruc yazmayıb, himnimizi Cəmo Cəbrayılbəyli yazıb. Əhməd Oruc hara, Əhməd Cavad hara? Deputatın səhvini verilişin aparıcısı düzəldərək himnimizi Əhməd Orucun deyil, Əhməd Cavadın yazdığını deyib.
Deputat isə fikrindən dönməyib: “Himnimizin sözlərini Əhməd Cavad yazmayıb, Cəmo Cəbrayılbəyli yazıb”...
Qeyd edək ki, qeyri-ciddi imicilə daim tənqid hədəfi seçilən deputatın Əhməd Cavadla Əhməd Orucu qarışdırması da onun məlumatsızlığının, dayaz düşüncəsinin göstəricisindən başqa bir şey deyil.
“Görünür, Araz Əlizadə bütün bunlar haqda məlumatsızdır, ona görə də belə açıqlamalar verir”
Əhməd Cavad haqqında üç kitab müəllifi, böyük şairin irsinin araşdırıcısı, tanınmış tədqiqatçı-jurnalist Rəhman Salmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Araz Əlizadə də daxil olmaqla, bəzi qüvvələrin Azərbaycanda rəsmi səviyyədə təsdiqlənən Dövlət Himninin mətn müəllifi barədə həqiqətə uyğun olmayan fikirlər bildirməsi artıq mənfi bir ənənə halı alıb. R.Salmanlının sözlərinə görə, Dövlət Himninin mətn müəllifinin Əhməd Cavad, yoxsa başqa bir şair olmasını aydınlaşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasında, eləcə də digər əlaqədar qurumlarda müzakirələr aparılıb və gəlinən nəticələr əsasında himnimizin mətn müəllifinin Əhməd Cavad olduğu təsdiqlənib. R.Salmanlının vurğuladığına görə, himnimizin müəllifi Əhməd Cavaddır.
Mərhum akademik Bəkir Nəbiyevin fikirlərindən sitat gətirən tədqiqatçı qeyd etdi ki, akademik mübahisələrə son qoyub: “Akademik Bəkir Nəbiyev bu mübahisələrə qəti şəkildə son qoyaraq ərəb əlifbası ilə yazılan “Cəmo bəy” ifadəsinin “Cavad Əhməd Məhəmmədəli oğlu” sözlərinin kriptoqramından başqa bir şey olmadığını inandırıcı şəkildə sübuta yetirib və beləliklə də bütün bu mübahisələrə peşəkar ədəbiyyatşünas mövqeyindən birdəfəlik son qoymağa nail olub”.
O qeyd etdi ki, Azərbaycanın dövlət rəmzlərindən biri olan Dövlət Himnimizin müəllifi ilə bağlı dolaşıq fikirlərin gündəmə gətirilməsi mənfi haldır: “Bilirsiniz ki, əvvəllər dövri mətbuatda Azərbaycanın Dövlət Himninin mətn müəllifinin Əhməd Cavad, yoxsa Cəmo bəy Cəbrayılbəyli olması ilə bağlı qızğın müzakirələr gedirdi. Həmin dövrdə Ədəbiyyat İnstitutu da, eləcə də başqa ziyalılar da məsələ qaldırdılar ki, 1919-1920-ci illərdə buraxılan “Milli nəğmələr“ kitabında himnimizin mətni Cəmo bəy imzası ilə verilib. Mən bu barədə “Əhməd Cavadın yaradıcılıq yolu” kitabımda geniş bəhs etmişəm.
Bu məsələ əvvəlcə Ədəbiyyat İnstitutunun o vaxtkı direktoru, professor Yaşar Qarayevin, sonra isə mərhum akademik Bəkir Nəbiyevin iştirakı ilə Ədəbiyyat İnstitutunun elmi şurasında geniş şəkildə müzakirə edildi. Ədəbiyyat İnstitutunun elmi şurasında qərar qəbul olundu ki, Azərbaycanın Dövlət Himninin mətn müəllifi Əhməd Cavaddır. Cümhuriyyət dövründə Dövlət Himninin yazılması üçün müsabiqə elan edilib. Müsabiqəyə şeirlər imzasız təqdim edilib. Müsabiqənin nəticələrinə əsasən, Əhməd Cavadın şeiri qəbul edilib və Üzeyir bəy də ona musiqi yazıb. Orada “ƏMC” qeyd edilib və gizli keçirilən səsvermədə onun yazdığı mətn qalib gəlib. Azərbaycanın Dövlət Himninin mətn müəllifinin Əhməd Cavad olması Ədəbiyyat İnstitutu tərəfindən təsdiqləndi. Eyni zamanda, Prezident Administrasiyasının humanitar siyasət şöbəsində bu məsələyə baxıldı və dövlət səviyyəsində Azərbaycanın Dövlət Himninin müəllifinin Cəmo Cəbrayılbəyli deyil, Əhməd Cavad olması qəbul olundu. Bundan sonra isə bəziləri ortaya həqiqətə uyğun olmayan fikirlər atır, himnimizin Əhməd Cavada aid olmadığını iddia edirlər. Görünür, Araz Əlizadə bütün bunlar haqda məlumatsızdır, ona görə də belə açıqlamalar verir. O bilmir ki, bu, Elmlər Akademiyası səviyyəsində müzakirə edilərək qəbul edilib, şeirin kimə, musiqinin hansı bəstəkara aid olduğu müəyyən edilib. Bunu bütün elmi-ədəbi ictimaiyyət təsdiqləyib. Odur ki, bu məsələyə dönə-dönə qayıtmağa lüzum da yoxdur. Azərbaycanın Dövlət Himninin müəllifi haqqında bu həqiqətə uyğun olmayan fikirlərin, çıxışların nədən qaynaqlandığını bilmək olmur. Belələri ortalığı qarışdırırlar”.
R.Salmanlı vurğuladı ki, bir neçə il əvvəl bəzi millət vəkilləri himnimizin sözlərinin dəyişdirilməsini təklif ediblər. Mütəxəssislər isə, öz növbəsində, bunun qarşısını alıblar. “Bəzi adamlar xoşagəlməz fikirlər səsləndirirlər. O zaman da bəzi deputatlar himnimizin sözlərinin dəyişdirilməsinə nail olmaq istəyirdilər, mətndə işlənən sözlərə irad tuturdular. O vaxt mütəxəssislər bildirdilər ki, bu mətn az qala yüz il bundan əvvəl yazılıb, o, Azərbaycan Xalq Cümhuriyyətinin himni olub. Müstəqil Azərbaycan dövləti Cümhuriyyətin varisidirsə, bu himn də onun rəmzlərindən biri olaraq qalmalıdır. Bunu dəyişdirmək olmaz. Himnimizin ictimai-siyasi çəkisi var, ona toxunmaq olmaz” - deyə R.Salmanlı vurğuladı.
İradə SARIYEVA