Yayılan məlumata görə, ABŞ Prezident Administrasiyasının Ticarət Nümayəndəliyi Ofisi Azərbaycanın ticarət üstünlüklərinin ümumi sistemə uyğunluğunu nəzərdən keçirəcək. Buna səbəb kimi Azərbaycanda əmək hüquqlarının pozulması hallarının çoxalması göstərilir.
Məlumat üçün qeyd edək ki, ticarət üstünlüklərinin ümumi sistemi ABŞ bazarına məhsulların və xidmətlərin idxalı zamanı ölkələrə müəyyən imtiyazlar verir. Azərbaycan ticarət üstünlüklərinin ümumi sistemini qiymətləndirmək üçün üçillik prosesə 2017-ci ilin oktyabr ayında cəlb olunub. Azərbaycanın ticarət üstünlüklərinin ümumi sistemə uyğunluğunun yenidən nəzərdən keçirilməsi heç də deyildiyi kimi, əmək hüquqlarının pozulması hallarının çoxalması ilə bağlı deyil. Çox güman ki, bunun arxasında müəyyən siyasi motivlər dayanır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi 19 oktyabrda keçirilən icazəsiz etiraz aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda keçirilən icazəsiz aksiyanın qarşısının alınması pislənib. Bəyanatda iddia olunurdu ki, guya polis aksiyaçılara qarşı zorakılıq tətbiq edib. Hansı ki, asayiş keşikçiləri zorakılıq cəhdlərinin qarşısını alıblar.
O baxımdan maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Birləşmiş Ştatlar, adətən, bu kimi hansısa qərar qəbul edəndə bunun əsas səbəbini heç vaxt açıqlamır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bunun arxasında siyasi motivlər dayanır: “Çünki Azərbaycan dövləti maraqlıdır ki, insanların əmək hüquqları pozulmasın. Bununla bağlı son illər bir sıra işlər görülür. Bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına səy göstərilir. Bütün bunlarda məqsəd odur ki, ölkədə qüvvədə olan Əmək Məcəlləsi pozulmasın. Məcəlləni pozanlara qarşı ciddi tədbirlər görülür. Belə olan halda, hansı əmək hüquqlarının pozulması hallarının çoxalmasından söhbət gedə bilər? Nəzərə almaq lazımdır ki, hökumət çalışır vətəndaşların əmək hüquqları pozulmasın. Ona görə də ABŞ-ın bu qərarı siyasi motivlərlə bağlıdır. Birləşmiş Ştatlar, adətən, bu kimi hansısa qərar qəbul edəndə bunun əsas səbəbini heç vaxt açıqlamır və sadəcə olaraq hansısa bəhanə uydurur. Nəticədə qərarını hansısa bəhanə ilə əlaqələndirməyə çalışır. O baxımdan hesab edirəm ki, Azərbaycanın ticarət üstünlüklərinin ümumi sistemə uyğunluğunun yenidən nəzərdən keçirilməsinin arxasında müəyyən siyasi məqamlar var. Məhz həmin siyasi motivlər səbəbindən ABŞ Prezident Administrasiyasının Ticarət Nümayəndəliyi belə bir yanaşma ortaya qoyub. Çünki bunun məhz indi baş verməsi təsadüfi deyil”.
Vidadi ORDAHALLI