17/07/2019 11:22
728 x 90

Təcavüzkar Ermənistan cilovlansaydı... Aralıq dənizindəki proseslərə görə Türkiyəyə nota verə bilməzdi...

“Ermənistanın belə bir etirazla çıxış etməyə mənəvi haqqı yoxdur”

img

Məlum olduğu kimi, Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi də Aralıq dənizində fəaliyyətə başlayıb. Bundan əvvəl Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində axtarış-qazma fəaliyyətinə başlayıb. Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb. Türkiyənin məlum axtarış işlərinə başlaması Yunanıstanı narahat edir.

Bu arada Ermənistan Xarici İşlər Nazirliyi də sözügedən məsələdə Türkiyəyə qarşı bəyanatla çıxış edib. Qeyd edilir ki, Kiprin şimal-şərq hissəsində Türkiyənin  yeni qazma işləri həyata keçirmək cəhdindən Ermənistan dərin narahtlıq duyur. Guya Türkiyənin bu yöndə fəaliyyəti regional təhlükəsizliyi və sabitliyi təhlükə altına atır: “Kipr Respublikasına və xalqına tam dəstəyimizi yenidən təsdiq edirk”.

Həyasızlığın dərəcəsinə bax ki, təcavüzkar Ermənistan bu məsələdə Türkiyəyə qarşı mövqe sərgiləyərək beynəlxalq hüquqdan dəm vurur. Bu həmin Ermənistandır ki, beynəlxalq hüquqla tanınan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Dünyada beynəlxalq ədalət olsaydı, Ermənistan buna görə cəzalandırılsaydı, o zaman bu cür bəyanatlarla çıxış etməyə cəsarət etməzdi. Bütün bunlar Ermənistanın cəzalandırılmamasının nəticəsidir.

  • Məhəmməd Əsədullazadə: “İkili standartlar üzündən sözügedən ölkə cəzalandırılmadığı üçün belə həyasızlıq edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın bu həyasızlığına bir neçə aspektdən yanaşdı: “Türkiyənin Aralıq dənizinin şərq şelfində beynəlxalq sularda qazma və geoloji kəşfiyyat işləri müəyyən dövlətlərin narazılığına səbəb olub. Əsasən Yunanıstanın etirazları daha qabarıq formadadır. Çünki Yunan Kipri burada türklərin təməl haqlarını tanımayan qaz axtarışlarına çıxıb. Təbii ki, bunun cavabı sərt verilməli idi və Türkiyə buna adekvat cavab verdi. Hazırda Yavuz və digər  gəmilər Kipr sahillərində öz missiyalarını yerinə yetirməkdədirlər. Yunanıstan, Misir və digər dövlətlərin  etirazlarına rəğmən, bu fəaliyyət davam etdirilir. Ermənistanın bu kimi fəaliyyətini Yunanıstana dəstək kimi xarakterizə edirəm. Bu iki dövlətin Türkiyəyə qarşı ərazi iddiası var. İşğalçı Ermənistanın Türkiyəni ittiham etməsi gülüncdür və bu, İrəvanın heç də hüququn yanında olduğunun göstəricisi deyil. İlk növbədə bu, İrəvanın Türkiyəyə qarşı düşmənçilik siyasətinin  təzahürüdür. Bu ölkə sülh və əməkdaşlıqda maraqlı olmadığını göstərir. Hesab edirəm ki, Ermənistanın bu davranışları Türkiyə tərəfindən heç də ciddi qəbul olunmur. Forpost və işğalçı bir ölkənin bu bəyanatı görüntü xarakteri daşıyır. Bu gün Türkiyənin siyasəti regionda sülh və əməkdaşlığa xidmət edir. Yunanıstan və Ermənistan tandemi yalnız quru və mənasız bir siyasi işbirliyidir. Ən başlıcası, Ermənistanın belə bir etirazla çıxış etməyə mənəvi haqqı yoxdur. Ona görə ki, bu ölkənin özü təcavüzkardır. Əfsuslar olsun ki, ikili standartlar üzündən Ermənistan cəzalandırılmadığı üçün belə həyasızlıq edir”.

Vidadi ORDAHALLI

Son xəbərlər