18/10/2019 23:50
728 x 90

NATO-nun ali hərbi rəhbərliyi Bakı səfərində Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi...

“Bu, ermənilərin Azərbaycana yönəlik torpaq iddiasına ən yüksək zərbədir”

img

“NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir”. Bunu Bakıda işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

O qeyd edib ki, Alyans Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Bununla belə, general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

NATO rəsmisindən bir gün əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk analoji mövqe ortaya qoydu. D.Tusk Prezident İlham Əliyevlə Bakıda keçirilən görüşü zamanı bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Görünən odur ki, ard-arda ən mötəbər təşkilatların təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər. Düzdür, bundan əvvəl də sözügedən qurumlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqe sərgiləyiblər. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir. Ancaq sözügedən dəstəyin yenidən ifadə olunması, o cümlədən, NATO kimi dünyada mühüm hərbi-siyasi təşkilatın bunu bəyan etməsi Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Maraqlıdır, bəs ekspertlər Azərbaycanın ərazi bütövlüyünə verilən ard-arda dəstəyi necə dəyərləndirirlər?

  • Aydın Mirzəzadə: “NATO səviyyəsində bunun bəyan edilməsi işğalçı Ermənistanı narahat edir”

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə buna bir neçə aspektdən yanaşdı. Onun fikrincə, bu, Ermənistanın Azərbaycana yönəlik ərazi iddialarına böyük zərbədir: “Əvvəla Azərbaycan apardığı daxili və xarici siyasətlə dünyanın hörmətini qazanıb. Bu bir daha göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev dünyada böyük siyasi nüfuza malikdir. Bu bir daha göstərdi ki, Azərbaycanda yüksək səviyyədə təhlükəsizlik təmin edilib. Ölkədə müxtəlif mötəbər tədbirləri keçirmək olar. Bunun nəticəsidir ki, həm Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, həm də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Volters Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Bu, ermənilərin Azərbaycana yönəlik  torpaq iddiasına ən yüksək zərbədir. NATO səviyyəsində bunun bəyan edilməsi işğalçı Ermənistanı narahat edir. Onlar elə bilirdilər ki, beynəlxalq təşkilatlar zaman keçdikcə bu məsələyə elə də diqqət etməyəcəklər. Ancaq onların bu yöndə gözləntiləri alt-üst oldu. Hesab edirəm ki, Azərbaycan müstəqilliyinin növbəti dəfə yüksək səviyyədə dəyərini aldı. O baxımdan, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verilən dəstəyi yüksək qiymətləndirirəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər